Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ali və orta ixtisas təhsili müəssisələri ilə əməkdaşlıq çərçivəsində hər tədris ilinin sonunda tələbələrin Agentliyin struktur bölmələrində, eləcə də tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) təcrübə keçmələrini təmin edir.
“İki sahil” xəbər verir ki, təcrübə proqramının məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla tamamlamaq, onları Agentliyin kadr ehtiyaclarına uyğun şəkildə müstəqil və səmərəli əmək fəaliyyətinə hazırlamaq, eyni zamanda məşğulluq və karyera inkişafına dəstək göstərməkdir.
Agentlikdə fəaliyyət göstərən “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu gənclərin peşəkar və fərdi inkişafına töhfə verir, könüllülük hərəkatının genişlənməsinə xidmət edir.
AQTA fəaliyyətə başladığı dövrdən etibarən təcrübə proqramlarında və könüllülük fəaliyyətində iştirak edən 75 nəfəri işlə təmin edib. Həmin gənc mütəxəssislər hazırda ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər.