27 fevral 2026 10:01
60

Azərbaycanın Tarixi Missiyası

Tarix sübut edir ki, hər müharibə qələbə ilə nəticələnsə belə, hər qələbə ədalətin bərpası anlamına gəlmir. Bəzən hərbi üstünlük əldə olunsa da, siyasi və hüquqi baxımdan suallar açıq qalır. Lakin nadir hallarda elə dövlətlər olur ki, həm haqq savaşında qalib gəlir, həm ərazi bütövlüyünü tam şəkildə təmin edir, həm də beynəlxalq hüquqa əsaslanaraq müharibə cinayətkarlarının məsuliyyətə cəlb olunmasına nail olur. Azərbaycan son illərdə məhz belə bir tarixi mərhələdən keçərək dünya siyasətində özünəməxsus nümunə formalaşdırmışdır.

Uzun illər davam edən işğal faktı Azərbaycan xalqının yaddaşında ağır iz buraxmışdı. Qarabağ və ətraf rayonların taleyi yalnız coğrafi məsələ deyil, milli ləyaqət və dövlət suverenliyi məsələsi idi. İşğal nəticəsində yüz minlərlə insan doğma ev-eşiyindən didərgin düşmüş, şəhərlər viran qoyulmuş, mədəni irs abidələri dağıdılmışdı. Bu vəziyyət beynəlxalq hüququn prinsiplərinə açıq zidd olsa da, real nəticə əldə olunmamışdı.

Azərbaycan dövləti uzun müddət sülh danışıqlarına sadiq qalsa da, nəticəsiz proses reallığın dəyişməsini zəruri etdi. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi, siyasi və mənəvi gücünün nümayişinə çevrildi. Azərbaycan Ordusunun peşəkarlığı və strateji üstünlüyü nəticəsində işğal altında olan torpaqlar mərhələli şəkildə azad edildi. Bu qələbə yalnız ərazi qazanılması deyil, milli qürurun və dövlət suverenliyinin bərpası idi.

Müharibə dövründə qəbul edilən qərarlar və aparılan əməliyyatlar Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə həyata keçirilmişdir. Diplomatik müstəvidə də paralel fəaliyyət göstərilərək Azərbaycanın haqlı mövqeyi beynəlxalq ictimaiyyətə çatdırılmışdır. Bu, hərbi uğurun siyasi müstəvidə möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi.

2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyinin ölkənin bütün ərazisində tam təmin olunması ilə nəticələndi. Beləliklə, dövlət öz konstitusion hüquqlarını bərpa etdi və separatizmə son qoyuldu. Bu hadisə regionda yeni reallıqlar yaratdı və uzun illər davam edən qeyri-müəyyənliyə nöqtə qoydu.

Ədalətin bərpası yalnız hərbi qələbə ilə yekunlaşmır. Müharibə dövründə və işğal illərində törədilmiş cinayətlərin hüquqi qiymət alması da mühüm şərtdir. Azərbaycan bu istiqamətdə hüquqi mexanizmləri işə salaraq təqsirkarların məsuliyyətə cəlb olunması üçün ardıcıl addımlar atır. Bu yanaşma göstərir ki, ölkəmiz qisas deyil, məhz hüquqa əsaslanan ədalət prinsipini rəhbər tutur.

Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq prosesi həyata keçirilir. Yeni yollar, hava limanları, yaşayış kompleksləri, məktəblər və xəstəxanalar inşa edilir. “Ağıllı kənd” və “ağıllı şəhər” layihələri regionun gələcəyinə hesablanmış inkişaf modelinin göstəricisidir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Bu, sadəcə fiziki dönüş deyil, tarixi ədalətin və mənəvi bütövlüyün bərpasıdır. Azərbaycan müasir tarixdə nadir rast gəlinən bir nümunə ortaya qoymuşdur: haqq savaşında qələbə, suverenliyin tam təminatı və hüquqi ədalətin bərpası. Bu yol güclü liderlik, xalq–ordu birliyi və milli həmrəylik nəticəsində mümkün olmuşdur. Azərbaycanın qazandığı zəfər yalnız bir dövlətin uğuru deyil, beynəlxalq hüququn aliliyinin praktik təsdiqi kimi də qiymətləndirilə bilər.

İlahə Hüseynova,
YAP Xətai rayon təşkilatının fəalı