27 fevral 2026 14:36
122

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib 

Sahibkarlıq subyektlərinin nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri, sahibkarların bu sahədə öhdəlikləri və mövcud nəzarət mexanizmləri barədə izahlar verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi istehlakçıların hüquq və mənafelərinin qüvvədə olan qanunvericiliyə uyğun şəkildə təmin olunması və sahibkarlarla uzlaşdırılması məqsədilə mütəmadi olaraq maarifləndirici görüşlər keçirməyə davam edir. Bu istiqamətdə növbəti tədbir Naxçıvan Muxtar Respublikasında ticarət, ictimai iaşə, məişət və digər xidmət sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə baş tutub.  

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və Agentliyin birgə təşkilatçılığı ilə keçirilən maarifləndirici görüşdə  Agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı təqdimatla çıxış edib. 
Təqdimat zamanı Agentliyin fəaliyyət istiqamətləri, istehlak bazarına nəzarət mexanizmləri və istehlakçıların əsas hüquqları və bu sahədə mövcud qanunvericiliyin tələblərinə dair ətraflı məlumat verilib. Bundan əlavə, istehlakçı hüquqlarının təmin edilməsində sahibkarların rolunun əhəmiyyəti diqqətə çatdırılıb, onların vəzifə və öhdəlikləri izah edilib, müvafiq tövsiyələr verilib. Həmçinin sözügedən sahədə hüquqi savadlılığın artırılması istiqamətində Agentliyin həyata keçirdiyi maarifləndirmə tədbirlərindən bəhs olunub.
Sonda sahibkarların ünvanladığı suallar praktiki nümunələr əsasında cavablandırılıb.