Şamaxıda fevralın 27-də baş verən və maqnitudası 4.7 olan zəlzələdən sonra afterşoklar davam edir.
“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
"Həmin zəlzələdən sonra maqnitudası 3-dən yuxarı olan 7 zəlzələ qeydə alınıb. Onlardan ən böyüyünün maqnitudası 3.8 olub. Bu gün baş verən beş zəlzələdən üçü episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Hazırda xırda təkanlar da davam edir", - deyə V.Rafiqqızı bildirib.
Xatırladaq ki, fevralın 27-də Pirqulu seysmoloji stansiyasından 23 kilometr cənub-qərbdə - Şamaxı rayonunda zəlzələ baş verib.
Maqnitudası 4,7 olan zəlzələ yerli vaxtla saat 15:52-də qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, ocağının dərinliyi 13 kilometr olan yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4-3 bal gücündə hiss olunub.