Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Xocalı Memorial Kompleksinin açılışının edilməsi xalqımızın tarixi yaddaşında mühüm və əlamətdar hadisə kimi qalacaq. Bu möhtəşəm kompleks təkcə bir memarlıq abidəsi deyil, həm də milli qürurumuzun, ədalətə inamımızın və şəhidlərimizin müqəddəs xatirəsinə sonsuz ehtiramın rəmzidir.
Bu sözləri “İki sahil”ə Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş Xocalı soyqırımı insanlıq tarixinin ən qanlı faciələrindən biri kimi yaddaşlara həkk olunub: “Günahsız qadınların, uşaqların və qocaların amansızcasına qətlə yetirilməsi beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması idi. Dövlətimizin başçısı Xocalı Soyqırımı Memorialının açılışındakı çıxışında qeyd etdi ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Xocalı soyqırımı təkcə bir şəhərin sakinlərinə qarşı törədilmiş cinayət deyil, bütövlükdə insanlığa qarşı yönəlmiş vəhşilik aktıdır. Məhz buna görə də Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq müstəvidə ədalətin təmin olunması Azərbaycan dövlətinin və cəmiyyətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olub. Ötən illər ərzində həm Azərbaycan dövləti, həm Milli Məclis, həm də çoxsaylı ictimai təşkilatlar və qeyri-hökumət qurumları bu istiqamətdə ardıcıl və sistemli fəaliyyət göstəriblər. Xarici ölkələrdə keçirilən tədbirlər, beynəlxalq konfranslar, parlament dinləmələri, sərgilər və anım mərasimləri Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb”.
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında çox mühüm işlər görmüş Heydər Əliyev Fondunun fəaliyyətindən də bəhs edib: “Heydər Əliyev Fondu yarandığı ilk dövrlərdən etibarən Xocalı həqiqətlərinin təbliğini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Fondun təşəbbüsü ilə müxtəlif dillərdə nəşrlər hazırlanıb, sənədli filmlər çəkilib, dünyanın nüfuzlu paytaxtlarında genişmiqyaslı təqdimatlar keçirilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası artıq qlobal miqyas alıb. Son 20 il ərzində bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində simpoziumlar, konfranslar, dəyirmi masalar və sərgilər təşkil edilib, çoxsaylı kitablar, broşürlər və bukletlər nəşr olunub. Kampaniya yalnız faciə haqqında məlumat verməklə kifayətlənməyib, həm də beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanan hüquqi-siyasi qiymətin formalaşdırılmasına xidmət edib. Çünki həmin dövrdə Ermənistan dövləti və xaricdəki erməni lobbi dairələri bu qanlı faciəni ört-basdır etməyə, hətta təhrif edərək Azərbaycanı ittiham etməyə çalışırdılar. Məqsəd informasiya manipulyasiyası yolu ilə beynəlxalq ictimai rəyi çaşdırmaq, həqiqətləri gizlətmək idi. Əgər Azərbaycan dövləti və vətəndaş cəmiyyəti öz haqq səsini ucaldaraq sistemli fəaliyyət göstərməsəydi, bu gün dünya ictimaiyyətində Xocalı ilə bağlı obyektiv və faktlara əsaslanan təsəvvür formalaşmaya bilərdi. Məhz ardıcıl və prinsipial səylər nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanıyıb. Bir sıra ölkələrin parlamentləri müvafiq qətnamələr qəbul etmiş, beynəlxalq təşkilatlarda bu məsələ ilə bağlı müzakirələr aparılıb. Bu proses davamlı xarakter daşıyır və Azərbaycan dövləti bundan sonra da həqiqətlərin beynəlxalq müstəvidə tanıdılması istiqamətində fəaliyyətini gücləndirəcək”.
S.Salmanova həmçinin qeyd edib ki, dövlət başçısı çıxışında Xocalı Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin və tarixi yaddaşına sədaqətinin görüldüyünü bildirib: “Bu məkan təkcə bir abidə deyil, həm də xalqımızın yaşadığı ağrıların, çəkdiyi iztirabların və göstərdiyi qəhrəmanlığın rəmzidir. 30 il ərzində ədalətsizliklə, ikili standartlarla, beynəlxalq səviyyədə biganə münasibətlə üzləşən xalqımız öz mənliyini qorudu, ləyaqətini saxladı, milli kimliyini və inamını itirmədi. Bu illər ərzində Azərbaycan xalqı böyük səbr və təmkin nümayiş etdirdi, eyni zamanda güc topladı, birliyini daha da möhkəmləndirdi. Biz tariximizi unutmadıq, amma eyni zamanda gələcəyə inamla baxmağı bacardıq. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi, eləcə də 2023-cü ilin sentyabr ayının 19–20-də həyata keçirilmiş lokal antiterror tədbirləri ilə ölkəmizin suverenliyi və konstitusiya quruluşu tam bərpa olundu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın sarsılmaz birliyi nəticəsində qazandığımız bu tarixi Zəfər Xocalı qurbanlarının qanının yerdə qalmadığını, ədalətin bərqərar olduğunu bir daha nümayiş etdirdi. Bu gün azad edilmiş torpaqlarımızda, o cümlədən Xocalıda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə təmin olunur. Bütün bunlar cənab Prezident İlham Əliyevin sarsılmaz siyasi iradəsinin, dövlətimizin qüdrətinin, xalqımızın birliyinin və ədalətin təntənəsinin bariz ifadəsidir”.