İrana qarşı hərbi əməliyyatlardan dərin kədər və narahatlıq hissi keçirirəm. Uzun müddət fikir ayrılıqlarının dialoq yolu ilə, danışıqlar masası arxasında həll edilməsi üçün çox ciddi səylər göstərdik. İran xalqının əmin-amanlığına qəsd edən bu səhərki hücumları təəssüflə qarşılayırıq. Hansı səbəbdən olursa-olsun, körfəzdəki qardaş ölkələrimizə qarşı İranın raket və pilotsuz uçuş aparatı hücumlarını da qəbuledilməz hesab edirik. Məntiqi yanaşma və ağıl üstünlük təşkil etməz, diplomatiyaya imkan yaradılmazsa, bölgəmiz alov halqasına dönmək riski ilə üz-üzə qalacaq.
“İki sahil” xəbər verir ki, bu ifadələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda baş verən proseslərlə bağlı açıqlamasında bildirib.
“Daha çox qan tökülməməsi, bölgəmizin daha böyük çətinliklər çəkməməsi üçün başda İslam dünyası olmaqla bütün tərəflərin təcili şəkildə hərəkətə keçməsi zəruridir. Ölkəmizin və xalqımızın təhlükəsizliyini ön planda tutan bir siyasətlə bu həssas prosesi uğurla idarə edəcəyik”, - deyə Prezident Ərdoğan vurğulayıb.