01 mart 2026 09:09
113

Kuba sahillərində katerlə bağlı diversiyanı kim təşkil edib?

ABŞ-də yaşayan, "30 noyabr" hərəkatının rəhbəri Maritsa Luqo Fernandesin fevralın 25-də Kuba sahillərində baş vermiş silahlı insidentin təşkilatçısı olduğu bildirilir.

“İki sahil” xəbər verir ki, məlumatı "Cubadebate" portalı yayıb.

Belə ki, Kuba Dövlət Təhlükəsizliyinə qarşı cinayətlərin istintaqı üzrə agentliyin nümayəndəsi polkovnik Viktor Alvares Valye insidentin Florida ştatından yola çıxan katerlə həyata keçirildiyini bildirib.

Məlumata əsasən, ABŞ qeydiyyatlı kater Kuba sularına daxil olaraq sərhədçilərə atəş açıb. Cavab atəşi nəticəsində dörd hücumçu öldürülüb, altı nəfər yaralanıb. Kuba tərəfdən də bir sərhədçi xəsarət alıb. Qayıqdan silah-sursat müsadirə olunub.