27 fevral 2026 12:21
352

Güclü dövlət – tarixi zəfərlərdən strateji hədəflərə

Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan tarixində ədalətin bərpasının və milli birliyin təntənəsi kimi dəyərləndirilir. Bu layihə yalnız keçmişdə baş vermiş faciələrin ağrısını xatırlamaq üçün deyil, eyni zamanda gələcək nəsillərə milli yaddaşı qorumağın, vətənpərvərlik və insanlıq dəyərlərinə sadiq qalmağın vacibliyini göstərir. Memorial həm xalqın əyilməz iradəsinin, həm də dövlətin güc və qətiyyətinin təzahürüdür. Bundan əlavə, kompleks Azərbaycan xalqının tarixi ədalət uğrunda mübarizəsini və milli birliyini yaşatmaq baxımından mühüm rol oynayır. Açılış mərasimi həm də dövlətin prinsipial mövqeyini, suverenliyi qorumaq iradəsini və gələcəyə inamla baxmaq qabiliyyətini nümayiş etdirir.

Prezident İlham Əliyev çıxışında Xocalı soyqırımının Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı, insanlığa qarşı, bəşəriyyətə qarşı törədilmiş qanlı hərbi cinayət olduğunu vurğulayıb. Bu faciə xalqımızın yaddaşında silinməz iz buraxıb. Azərbaycan dövləti həmin həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli və ardıcıl siyasət aparıb.

Bu kontekstdə dövlətimizin başçısının çıxışında Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti qeyd olunub. Fondun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası uzun illər ərzində müxtəlif ölkələrdə tədbirlərin, konfransların və nəşrlərin təşkilinə şərait yaradıb. Bu təşəbbüslər milli haqq səsinin beynəlxalq aləmdə eşidilməsinə xidmət edib. Nəticə etibarilə bir sıra ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyıb və həmin proses davam edir.

Dövlətimizin başçısının çıxışında əsas ideya xəttini təşkil edən məqamlardan biri də ədalətin hərbi-siyasi yolla bərpa olunması məsələsi idi. Uzun illər davam edən işğal dövründə Azərbaycana müxtəlif təzyiqlər göstərilsə də, dövlət öz prinsipial mövqeyindən geri çəkilməyib. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmazsa, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcək və nəticədə bu baş verdi. Bu amil xalqın əzmkarlığı və dövlətin möhkəm iradəsi ilə birgə, sülh və sabitliyin qorunmasının təminatıdır.

Vətən müharibəsi və sonrakı hadisələr fonunda Prezident İlham Əliyev çıxışında müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsini ədalətin tam təntənəsi kimi təqdim edib. Azərbaycan nadir ölkələrdəndir ki, həm döyüş meydanında Qələbə qazanıb, həm ərazi bütövlüyünü tam bərpa edib, həm də məsul şəxsləri məhkəmə qarşısına çıxarmağa nail olub.

Xocalı Soyqırımı Memorialı layihəsi əvvəllər Bakıda həyata keçirilə bilərdi. Lakin daxili inam və gələcəyə olan əminlik memorialın öz doğma torpağında ucaldılmasını şərtləndirdi. Memorial Kompleks, Prezident İlham Əliyevin ifadəsi ilə desək, xalqın silinməz yaddaşının təcəssümüdür. Bu, gələcək nəsillərə həm faciəni unutmamaq, həm də güclü dövlət qurmağın vacibliyini xatırladacaq bir məkandır. Dövlətimizin başçısı açılış mərasimindəki çıxışında bildirib ki, bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük: “Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini saxladı, ləyaqətini saxladı, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin”.

Bu gün ölkəmiz siyasi, hərbi və iqtisadi baxımdan güclüdür, özünü müdafiə etməyə qadir dövlətə çevrilib. Məhz bu güc və qətiyyət sayəsində Azərbaycan artıq sülh və sabitlik şəraitində yaşayır. Xocalı Memorialı həm də regionda güclü dövlət siyasətinin, suverenliyin qorunmasının və ədalətin bərpasının təzahürüdür. Bu kompleks Azərbaycan xalqının əyilməz iradəsini və dövlətin gücünü nümayiş etdirərək, həm tarixi həqiqətləri qorumağa, həm də gələcəkdə sülh və sabitliyin təmin olunmasına xidmət edəcək.

Memorial Kompleksin açılışı həm də göstərdi ki, Azərbaycan yalnız keçmişin xatirəsini yaşatmaqla kifayətlənmir, eyni zamanda gələcəyə baxışını müəyyənləşdirir, dövlətçilik dəyərlərini və vətəndaş məsuliyyətini yeni nəsillərə ötürür. Bu baxımdan Xocalı Memorialı gələcək nəsillərə həm tarixi dərs, həm də milli qürur mənbəyi olaraq xidmət edəcək və regionda sülhün, sabitliyin təminatçısı olan güclü dövlət obrazını möhkəmləndirəcəkdir.

Elşən Alıyev,

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini