02 mart 2026 12:56
103

BDU ilə Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlıq edəcək

Bakı Dövlət Universiteti (BDU) ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, memorandumda hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin, konfransların, sərgilərin, seminar və simpoziumların, qısamüddətli kurs və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Sənəddə elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər də öz əksini tapıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Pekin Kimya Texnologiyaları Universitetinin prezidenti Tan Tianvei imzalayıblar.

Əsası 1958-ci ildə qoyulmuş Pekin Kimya Texnologiyaları Universiteti Çinin nüfuzlu ali təhsil müəssisələrindən biridir və 2026-cı il üzrə “QS Dünya Universitetləri Reytinqi”ndə 697-ci pillədə qərarlaşıb.