03 mart 2026 11:34
138

“AzInTelecom”: RƏQƏMSAL GƏLƏCƏYİN MEMARI

Bulud infrastrukturu, SİMA rəqəmsal həlləri və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə dövlət və biznes sektorunda təhlükəsiz, çevik və innovativ rəqəmsal ekosistem formalaşdırılır

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC ölkədə rəqəmsal transformasiyanın aparıcı şirkətlərindən biridir. Müasir texnologiyalara və innovativ yanaşmalara əsaslanan strategiyası sayəsində bu şirkət dövlət və özəl sektora təhlükəsiz, etibarlı və operativ rəqəmsal həllər təqdim edir.

Şirkətin xidmət portfeli güclü bulud infrastrukturlarından, yeni nəsil rəqəmsal imza və identifikasiya sistemlərindən, biznesin idarə edilməsini asanlaşdıran rəqəmsal platformalardan, kibertəhlükəsizlik həllərindən, həmçinin informasiya texnologiyalarının (IT) konsultasiya və monitorinq xidmətlərindən ibarətdir. Bu geniş spektr vasitəsilə “AzInTelecom” müştərilərinə rəqəmsal transformasiya, iş proseslərinin optimallaşdırılması və innovasiya sahəsində etibarlı və qabaqcıl tərəfdaş kimi dəstək verir.

Qurumun İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki sahil” qəzetinə müsahibəsində “AzInTelecom”un strateji prioritetləri, dövlət və özəl sektora təqdim etdiyi üstünlüklər, rəqəmsal innovasiyalara verdiyi töhfələr və yaxın gələcək layihələri barədə ətraflı məlumat verir.

– “AzInTelecom” MMC-nin strateji fəaliyyət məqsədləri nələrdir və şirkətin əldə etdiyi uğurların biznes və dövlət sektoruna təsirlərini necə qiymətləndirirsiniz?

– “AzInTelecom” MMC-nin əsas məqsədi Azərbaycanın rəqəmsal inkişafına dəstək vermək və ölkədə müasir, təhlükəsiz rəqəmsal infrastrukturun formalaşdırılmasında aparıcı rol oynamaqdır. Şirkət “Hökumət Buludu” layihəsi vasitəsilə dövlət qurumlarında IT xərclərinin optimallaşdırılmasına, resurslardan daha səmərəli istifadəyə və məlumat təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir. Eyni zamanda, SİMA rəqəmsal həlləri bizneslərə xidmətləri kağızsız və məsafədən təqdim etməyə imkan yaradır, bu isə əməliyyatların daha sürətli və rahat həyata keçirilməsini təmin edir. Bu yanaşma şirkətlərə fiziki iştirak olmadan xidmət göstərməyə, müştərilərə isə istənilən yerdən xidmətlərə çıxış əldə etməyə şərait yaradır. Strateji prioritetlərimizə dövlət qurumlarının bulud xidmətlərinə keçidinin genişləndirilməsi, kiçik və orta bizneslər arasında bulud texnologiyalarının tətbiqinin artırılması, etimad xidmətlərinin istifadəçi bazasının genişləndirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyətin təmin edilməsi daxildir. Bu istiqamətdə görülən işlər ölkədə rəqəmsal transformasiyanı sürətləndirir və dövlətlə biznes sektorunun daha çevik və effektiv fəaliyyətinə imkan yaradır.

-Şirkətin təqdim etdiyi bulud həlləri biznes və dövlət qurumlarına hansı üstünlüklər verir və təhlükəsizlik necə təmin olunur?

– “AzInTelecom” Azərbaycanın ən böyük bulud xidmət provayderi olaraq həm dövlət qurumları üçün “Hökumət Buludu”, həm də özəl sektor üçün genişmiqyaslı bukud xidmətləri, həm də fərdlər və KOB-lar üçün AZINCLOUD platforması vasitəsilə müasir bulud həlləri təqdim edir. “Hökumət Buludu” dövlət qurumlarına IT sistemlərini vahid, təhlükəsiz və mərkəzləşdirilmiş mühitdə yerləşdirməyə imkan verir ki, bu da xərclərin azalmasına, sistemlərin daha effektiv idarə olunmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. AZINCLOUD platforması şirkətlərə əlavə avadanlıq və böyük ilkin investisiya tələb etmədən qısa müddətdə öz IT infrastrukturunu qurmağa və genişləndirməyə imkan verir. Bu isə xüsusilə kiçik və orta bizneslər üçün çevik, sərfəli və sürətli rəqəmsallaşma imkanı yaradır.

Bulud həllərimiz təşkilatlara resurslardan daha səmərəli istifadə etməyə, xidmətlərin fasiləsizliyini təmin etməyə və məlumatlara istənilən vaxt təhlükəsiz çıxış əldə etməyə imkan verir. Xidmətlər “Uptime Institute” tərəfindən müəyyən edilmiş TIER 3 standartlarına uyğun fəaliyyət göstərən müasir data mərkəzlərində təqdim olunur ki, bu da yüksək əlçatanlıq, davamlılıq və məlumatların maksimum səviyyədə qorunmasını təmin edir. Eyni zamanda, çoxsəviyyəli təhlükəsizlik mexanizmləri və daimi monitorinq vasitəsilə həm dövlət, həm də özəl sektorun məlumatları etibarlı şəkildə qorunur. Bu yanaşma istifadəçilərə beynəlxalq standartlara uyğun, təhlükəsiz və etibarlı bulud mühiti təqdim edir.

-Rəqəmsal imza və identifikasiya xidmətləri əməliyyat proseslərini necə sadələşdirir?

– “AzInTelecom” tərəfindən təqdim olunan SİMA İmza biometrik identifikasiya texnologiyasına əsaslanır və istifadəçilərə heç bir fiziki müraciət etmədən xidmətlərdən yararlanmağa imkan verir. Bu texnologiya istifadəçilərin şəxsiyyətini uzaqdan və təhlükəsiz şəkildə təsdiqləməyə imkan verir ki, bu da ənənəvi üsullarla müqayisədə daha sürətli və rahatdır. İstifadəçilər sənədləri saniyələr ərzində rəqəmsal şəkildə imzalaya bilir və bu proses tam məsafədən həyata keçirilir. Bu isə xüsusilə bank, sığorta və digər xidmət sahələrində əməliyyatların sürətini əhəmiyyətli dərəcədə artırır və müştəri məmnuniyyətini yüksəldir. SİMA artıq bank, maliyyə, sığorta və telekommunikasiya sahəsində fəaliyyət göstərən 100-dən çox qurumla inteqrasiya olunub və 200-dən artıq elektron portala giriş imkanı yaradır. Tətbiqin yüklənmə sayının 6 milyonu keçməsi bu xidmətin ölkədə geniş istifadə olunduğunu və rəqəmsal transformasiyanın mühüm elementinə çevrildiyini göstərir. Bu göstərici vətəndaşların və bizneslərin rəqəmsal xidmətlərə artan etimadının da göstəricisidir.

– Kibertəhlükəsizlik sahəsində şirkətin strategiyası nədən ibarətdir?

– “AzInTelecom”un kibertəhlükəsizlik strategiyası beynəlxalq standartlara və müasir təhlükəsizlik yanaşmalarına əsaslanır. Şirkətin Təhlükəsizlik Əməliyyatları Mərkəzi (Security Operations Center-SOC) xidməti müştərilərin IT infrastrukturunu real vaxt rejimində izləyir və mümkün kibertəhdidləri operativ şəkildə aşkarlayaraq qarşısını alır. Bu monitorinq fasiləsiz aparılır və istənilən şübhəli fəaliyyət dərhal analiz olunur. Nəticədə potensial risklər vaxtında müəyyən edilir və onların təsirinin qarşısı alınır. Bu prosesdə SIEM/SOAR, EDR/XDR kimi müasir təhlükəsizlik texnologiyalarından və “Zero Trust” prinsipindən istifadə olunur. Bu texnologiyalar sistemlərin daha dərindən qorunmasını və təhlükələrin erkən mərhələdə aşkarlanmasını təmin edir. Məqsəd müştərilərin məlumatlarını qorumaq, xidmətlərin fasiləsizliyini təmin etmək və ümumilikdə təhlükəsiz rəqəmsal mühit yaratmaqdır. Bu yanaşma həm dövlət, həm də özəl sektor üçün etibarlı və dayanıqlı IT infrastrukturu təmin edir.

-Şirkətin rəqəmsal innovasiyalara töhfəsini və beynəlxalq əməkdaşlıqlarını necə qiymətləndirirsiniz?

– “AzInTelecom” beynəlxalq texnologiya şirkətləri ilə əməkdaşlıq edərək qabaqcıl texnologiyaları Azərbaycana gətirir və yerli bazarda tətbiq edir. Bu əməkdaşlıqlar ölkədə texnoloji infrastrukturun inkişafına və innovasiyaların daha sürətli tətbiqinə imkan yaradır. Bunun mühüm nümunələrindən biri “Lenovo” şirkətinin “ThinkSystem” serverləri əsasında qurulmuş Superkompüter Mərkəzidir. Bu mərkəz süni intellekt, böyük verilənlərin analizi və elmi tədqiqatlar üçün yüksək hesablama gücü təqdim edir və ölkənin elmi və texnoloji potensialını gücləndirir. Bundan əlavə, şirkət Avropanın öndəgedən texnologiya şirkəti – “Gcore” ilə əməkdaşlıq edərək AZINCLOUD platformasını yaradıb və burada istifadəçilərə daha müasir bulud xidmətləri təqdim edilir. Bu əməkdaşlıq sayəsində yerli istifadəçilər beynəlxalq səviyyəli texnologiyalara ölkə daxilində çıxış əldə edirlər. “AzInTelecom”un TIER 3 sertifikatına malik olması isə şirkətin regionda etibarlı texnologiya tərəfdaşı kimi mövqeyini daha da möhkəmləndirir. Bu, şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.

Əsasən, Asiya və Afrika bazarında məhsul və xidmətlərimizin tətbiq olunması ilə bağlı planlar var. Bundan başqa, şirkətin “OpenAI”, “Meta”, “IBM”, “Google”, “NVIDIA”, “Amazon” kimi qlobal texnologiya şirkətləri ilə təmasları mövcuddur. Ötən ilin sonlarında şirkət rəhbərinin ABŞ-a səfəri çərçivəsində adıçəkilən şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı süni intellekt, bulud infrastrukturu, innovasiya ekosisteminin inkişafı və kibertəhlükəsizlik kimi istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

-Yaxın gələcək üçün planlaşdırdığınız əsas layihələr hansılardır?

-Hazırda Abşeron və Hacıqabul rayonlarında yeni data mərkəzlərinin tikintisi planlaşdırılır və bu layihələr ölkənin rəqəmsal infrastrukturunun gücləndirilməsində mühüm rol oynayacaq. Yeni mərkəzlər artan tələbatı qarşılamaq və daha geniş miqyasda xidmət göstərmək üçün nəzərdə tutulub. Bu data mərkəzlərində də Bakı və Yevlax Data mərkəzlərində olduğu kimi, eynilə yüksək etibarlılıq təmin ediləcək. Eyni zamanda, SİMA İmza xidmətinin imkanları genişləndirilir və xarici vətəndaşların beynəlxalq pasport vasitəsilə sistemdə qeydiyyatdan keçməsi mümkün olacaq. Bu yenilik xarici istifadəçilərə də Azərbaycanın rəqəmsal xidmətlərindən rahat şəkildə istifadə etmək imkanı yaradacaq.

Eyni zamanda, SİMA rəqəmsal həllər platformasının məhsulları olan – biometrik identifikasiya ilə sürətli ödəniş imkanı yaradan SİMA Pay və üztanıma texnologiyası vasitəsilə binalara təhlükəsiz girişi təmin edən SİMA Access həllərinin bazara təqdim edilməsi planlaşdırılır. Artıq SİMA Pay dəmir yollarında, SİMA Access isə bir neçə bağçada uğurla sınaqdan keçirilib.

Bu addımlar “AzInTelecom”un regional rəqəmsal mərkəz kimi mövqeyini daha da gücləndirməyə xidmət edir. Həmçinin ölkənin beynəlxalq rəqəmsal ekosistemə inteqrasiyasına əlavə töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”