2 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əl-Səfadi arasında telefon danışığı aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərq regionunda mövcud hərbi-siyasi vəziyyət və artan gərginlik müzakirə olunub.
Tərəflər regional təhlükəsizlik mühitinin daha da pisləşməsinin yolverilməz olduğunu qeyd edərək, mövcud fikir ayrılıqlarının beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik vasitələrlə aradan qaldırılmasının vacibliyini vurğulayıblar.
Nazirlər mülki əhalinin təhlükəsizliyinin təmin olunmasının və humanitar vəziyyətin ağırlaşmasının qarşısının alınmasının prioritet əhəmiyyət daşıdığını bildirib, regionda sabitliyin və təhlükəsizliyin bərqərar olunması istiqamətində beynəlxalq səylərin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıblar.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.