04 mart 2026 09:45
100

Virtual dünya uşaqların davranışını necə formalaşdırır?

Rəqəmsal texnologiyaların geniş yayılması uşaqların məlumatlanma, ünsiyyət və asudə vaxt davranışlarını əhəmiyyətli dərəcədə transformasiya edib. Sosial şəbəkələr və rəqəmsal platformalar geniş imkanlar açsa da, eyni zamanda, yaşa uyğun olmayan kontent, asılılıq meyilləri və psixoloji təsir risklərini də artırır. Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu reallıqlar fonunda dövlətin məsələyə sistemli və strateji yanaşmasını ortaya qoyur. Sənəd rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunmasını, hüquqi mexanizmlərin dəqiqləşdirilməsini və aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsini nəzərdə tutur.

Mövzunun sosial və psixoloji tərəfləri isə məsələnin daha dərin qatlarına yol açır. Rəqəmsal təsirlərin uşağın davranışına, dəyər sisteminə və emosional inkişafına necə sirayət etdiyi, ailə institutunun bu prosesdə rolu və cəmiyyətin məsuliyyəti kimi suallar xüsusi aktuallıq kəsb edir. Bu baxımdan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmovun və  sosioloq Naib Niftəliyevin  yanaşmaları mövzunun həm ictimai, həm də psixoloji müstəvidə qiymətləndirilməsi üçün əhəmiyyətli çərçivə təqdim edir.

Uşaqların psixologiyası artıq ekran arxasında formalaşır

Psixoloq Elnur Rüstəmov “İki sahil”ə açıqlamasında bildirdi ki,  müasir dövrdə uşaqların rəqəmsal mühitdə qorunması artıq təkcə texnoloji və ya pedaqoji məsələ deyil, bu, birbaşa psixoloji təhlükəsizlik və sağlam inkişaf məsələsidir: “Cənab Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı bu sahənin dövlət səviyyəsində strateji prioritet kimi qəbul edildiyini açıq şəkildə göstərir. Bu sənəd yalnız inzibati tənzimləmə deyil, həm də uşaqların psixoloji rifahının qorunmasına yönəlmiş preventiv sosial müdafiə mexanizmi kimi qiymətləndirilməlidir. Erkən yaşda və nəzarətsiz şəkildə sosial şəbəkələrdən istifadə uşağın psixoloji inkişafına bir neçə istiqamətdə təsir göstərir. Uşağın emosional tənzimləmə bacarıqları hələ formalaşmadığı mərhələdə o, aqressiv məzmun, zorakılıq, idealizə edilmiş həyat obrazları və ya manipulyativ informasiya ilə qarşılaşdıqda reallıq qavrayışı zədələnə bilər. Bu isə özünə dəyər hissinin zəifləməsinə, müqayisə davranışlarının artmasına, sosial narahatlığa və hətta erkən yaşda depressiv meyillərin formalaşmasına səbəb olur. Rəqəmsal asılılıq riski də burada xüsusi qeyd olunmalıdır. Çünki uşağın beynində mükafatlandırma sistemi hələ tam yetkin olmadığından sürətli dopamin stimulları onun diqqət davamlılığına və motivasiya strukturlarına mənfi təsir göstərir”.

Psixoloq qeyd etdi ki, Azərbaycan Respublikasının Konstitusiyası uşaqların təhlükəsiz və sağlam inkişaf hüququnu təmin edir: “Uşaq hüquqları haqqında" Qanun uşağın fiziki və psixoloji rifahının qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edir. İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi ilə bağlı qanunvericilik də zərərli informasiyanın yayılmasının qarşısının alınmasını hüquqi çərçivəyə salır. Son Sərəncam isə bu hüquqi bazanı daha konkret və praktik mexanizmlərlə gücləndirməyə xidmət edir. Bu, dövlətin yalnız qadağa tətbiq edən deyil, həm də maarifləndirici və qoruyucu model qurmaq niyyətində olduğunu göstərir. Dövlət səviyyəsində həyata keçirilən hüquqi və maarifləndirici tədbirlər uşaqların psixoloji rifahına birbaşa müsbət təsir göstərəcək. Bir tərəfdən zərərli məzmunun əlçatanlığı azalacaq, digər tərəfdən valideynlərin və pedaqoqların rəqəmsal savadlılığı artacaq. Bu isə uşağın psixoloji təhlükəsizliyini yalnız texniki filtrasiya ilə deyil, sosial dəstək mühiti vasitəsilə təmin etməyə imkan yaradacaq. Sağlam rəqəmsal davranış modeli formalaşdıqca uşaqların özünütənzimləmə bacarıqları güclənəcək, sosial münasibətlərdə adekvatlıq artacaq və emosional sabitlik daha möhkəm olacaq. Psixoloji sağlamlıq cəmiyyətin gələcək dayanıqlığının əsas komponentidir. Rəqəmsal mühitdə uşaqların qorunmasına yönəlmiş dövlət siyasəti əslində uzunmüddətli insan kapitalının inkişafına xidmət edir. Bu yanaşma yalnız təhlükələrdən qorumaq deyil, həm də sağlam şəxsiyyət formalaşdırmaq məqsədi daşıyır”.

Virtual dünya uşaqların sosial davranışını dəyişdirir

Sosioloq Naib Niftəliyev isə bildirdi ki, sözügedən Sərəncam müasir çağırışlara cavab verən mühüm sənəddir və cəmiyyətdə formalaşan sosial tələbatın hüquqi ifadəsidir: “Rəqəmsal texnologiyaların sürətlə yayılması uşaqların davranış və dünyagörüşünə birbaşa təsir göstərir. Smartfonlar, planşetlər və sosial şəbəkələr həm geniş imkanlar yaradır, həm də ciddi risklər doğurur. Nəzarətsiz istifadə zamanı isə mənfi təsirlər daha qabarıq görünür. Azyaşlıların yaşına uyğun olmayan məzmunla qarşılaşması, müxtəlif qrupların təsiri altına düşməsi və virtual mühitdə nəzarətsiz qalması onların psixoloji və sosial inkişafına təhlükə yaradır. Bu səbəbdən yaş məhdudiyyətlərinin tətbiqi və istifadənin çərçivəyə salınması uşağın sağlam şəxsiyyət kimi formalaşması baxımından əhəmiyyətlidir. Sərəncamda aidiyyəti qurumlar qarşısında konkret vəzifələr müəyyən edilir və bu vəzifələrin icrası dövlətlə cəmiyyət arasında koordinasiyalı əməkdaşlıq tələb edir. Bir çox ailələrdə uşağın sakitləşdirilməsi və ya məşğul edilməsi məqsədilə erkən yaşlardan telefon verilməsi geniş yayılıb. Qısa müddətdə rahatlıq yaradan bu yanaşma uzunmüddətli perspektivdə asılılıq riskini artırır və uşağın rəqəmsal vasitələrdən əsasən əyləncə üçün istifadə etməsinə səbəb olur. Bunun nəticəsində diqqət dağınıqlığı, ünsiyyət çətinlikləri və sosiallaşma problemləri yaranır. Sonrakı mərhələdə bu boşluqları aradan qaldırmaq daha çətin olur”.

Sosioloq qeyd etdi ki, məsələ texnologiyanı qadağan etmək deyil, ondan düzgün istifadə mədəniyyətini formalaşdırmaqdır: “Kiçik yaşlarda nəzarət mexanizmləri daha sistemli tətbiq edilməli, yaş artdıqca məsuliyyət və özünənəzarət bacarıqları gücləndirilməlidir. Xüsusi proqramlaşdırılmış cihazların tətbiqi, internet mühitində filtr mexanizmlərinin qurulması və təhlükəsiz kontent bazasının yaradılması real həll istiqamətləridir. Texnoloji imkanlar mövcuddur, əsas məsələ onların səmərəli təşkili və icrasıdır. Valideynlərin rolu bu prosesdə həlledicidir. Onlar qaydalara əməl etməklə yanaşı, övladları ilə açıq ünsiyyət qurmalı, rəqəmsal risklər barədə məlumatlandırma aparmalıdırlar. Uşaq qarşılaşdığı məzmunu dəyərləndirməyi və düzgün seçim etməyi öyrənməlidir. Uşaqlara sosial məsuliyyət və özünüdərk kimi anlayışların erkən yaşdan aşılanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

N. Niftəliyev diqqətə çatdırdı ki, sosial şəbəkələrdən asılılıq problemi təkcə uşaqlarla məhdudlaşmır: “Bu reallıq etik və hüquqi tənzimləmənin ümumi ictimai maraq baxımından vacibliyini göstərir. Yaş kateqoriyalarına uyğun mexanizmlərin tətbiqi və zərərli məzmunun yayılmasına qarşı effektiv sistemin qurulması prioritet istiqamətlərdəndir.

Süni intellekt və ağıllı texnologiyaların genişlənməsi gələcəkdə əlavə çağırışlar yaradacaq. Uşaqları rəqəmsal proseslərdən təcrid etmək mümkün deyil və məqsədəuyğun sayılmır. Əsas hədəf təhlükəsiz mühitin formalaşdırılması, preventiv tədbirlərin gücləndirilməsi və maarifləndirmə işinin sistemli aparılmasıdır. Qaydaların dəqiqləşdirilməsi, normativ bazanın təkmilləşdirilməsi və institusional əməkdaşlığın gücləndirilməsi uşaqların sağlam inkişafının təminində əsas rol oynayacaq”.

Nigar Orucova, "İki sahil"