04 mart 2026 12:10
83

Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq

Bilirsiniz ki, xizək alpinizmi üzrə Dünya Kuboku Azərbaycanda ilk dəfə ötən il keçirilmişdi. Bu dəfə isə ölkəmiz həm də Avropa çempionatına ev sahibliyi edir.

“İki sahil” xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov Şahdağda keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışları zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, ötən il olduğu kimi, bu il də təqvim qış idman növləri üzrə yarışlarla boldur: "Bu yaxınlarda dağ xizəyi üzrə beynəlxalq turnir baş tutdu. Qarşıda moqul üzrə Dünya Kubokunun final mərhələsi var. Bu, çox böyük yarışdır. Müxtəlif ölkələrdən ümumilikdə 100-dən artıq idmançı iştirak edəcək. Sevindirici haldır ki, həmin yarışlarda Azərbaycanı yerli idmançılar təmsil edirlər. Bu idman növü üzrə təmsilçilərimizin sayı ildən-ilə artır. Kifayət qədər yaxşı mübarizə aparırlar. Arzumuz onları final mərhələsində və medalçılar sırasında görməkdir".

F.Qayıbov Vladimir Litvintsev və Anastasiya Papatomanın "Milan və Kortina-2026" Qış Olimpiya Oyunlarındakı çıxışını da dəyərləndirib: "Litvintsev artıq 2-ci dəfə ölkəmiz Olimpiya Oyunlarında təmsil etdi. Cəmi 3 ildir qış idman növləri üzrə yarışları keçiririk. Nəticə birdən-birə olmur. Bizə vaxt lazımdır. Hamımız birlikdə çalışmalıyıq. Bu, bizim üçün yeni təcrübədir, öyrənirik. Artıq azarkeşlər də bu idman növlərinə maraq göstərirlər. Yeni idmançı nəsli yetişir. Gələcəkdə qış idman növlərində də uğurlu çıxış edəcəyimizə inanırıq".