04 mart 2026 18:46
104

Quru meyvələrə qatılan kimyəvi maddələr hansı risklər daşıyır?

Görüntüsü göz oxşayır, dadı ləzzətlidir, lakin zərərləri də az deyil. Söhbət piştaxtalarda satılan quru meyvə və çərəzlərdən gedir.

“İki sahil” xəbər verir ki, çərşənbələrin başlaması və Novruz ab-havasının hiss olunması ilə bayram süfrəsinin ayrılmaz hissəsi olan quru meyvələrə maraq da gündən-günə artır.

Satış yerlərində daha parlaq və cəlbedici görünən məhsullar alıcıların diqqətini çəksə də, bəzi müştərilər onların tərkibinə qatılan kimyəvi maddələrdən narahat olduqlarını bildirirlər.

Onların sözlərinə görə, quru meyvələrin daha uzun müddət saxlanması və rənginin qorunması üçün müəyyən qatqılardan istifadə edilir. Bəziləri bu məhsulları qəbul etdikdən sonra mədə ağrısı və narahatlıq yaşadıqlarını da deyirlər.

Satıcılar isə məhsulların tərkibi ilə bağlı dəqiq məlumata malik olmadıqlarını bildirirlər. Onların sözlərinə görə, quru meyvələr əsasən xarici ölkələrdən, xüsusilə İran və Özbəkistandan hazır qurudulmuş şəkildə idxal olunur. Satıcılar məhsulların müvafiq ekspertizadan keçdikdən sonra satışa təqdim edildiyini vurğulayırlar.

Texnoloq Mübariz Vəliyev qeyd edir ki, bazarlarda satılan bəzi quru meyvələrə uzun müddət xarab olmaması, kiflənməməsi, rənginin parlaq qalması və dad xüsusiyyətlərinin qorunması üçün müəyyən kimyəvi maddələr əlavə olunur: 

"E220, E221, E222, E224, E300 kimi maddələr əsasən məhsulun saxlanma müddətini artırır. Bəzi hallarda isə quru meyvələrin daha şirin və çəkisinin ağır olması üçün şərbət əlavə edirlər".

M.Vəliyev bildirib ki, bu məhsullar istifadə edilməzdən əvvəl mütləq isti su ilə yuyulmalıdır. Quru meyvəni 75-80 dərəcə isti suda təxminən bir dəqiqə saxlayıb daha sonra yaxşıca yumaq tövsiyə olunur. Bu üsul səthdəki mümkün kimyəvi qalıqların azalmasına kömək edə bilər:

"Quru meyvələr bəzi insanlarda allergik reaksiya və ya mədə turşuluğunun artmasına səbəb ola bilər. Xüsusilə hamilə qadınlar və uşaqlar üçün daha diqqətli olmaq tövsiyə edilir". (Milli.Az)