Dünyada piylənmədən əziyyət çəkən uşaq və yeniyetmələrin sayının 2025-ci ildəki 177 milyondan 2040-cı ilə qədər 228 milyona çatacağı proqnozlaşdırılır.
“İki sahil” xəbər verir ki, bu barədə Dünya Piylənmə Federasiyasının yeni hesabat yayıb.
Bu proqnoz uşaqlıq dövründə piylənmənin dünyada sürətlə artdığı barədə xəbərdarlıq edən 2026-cı il “Ümumdünya piylənmə atlası” hesabatında dərc edilib.
Hesabatda qeyd olunur ki, uşaqlarda piylənmə görünməmiş dərəcədə artır və bu tendensiya əsas qlobal ictimai səhiyyə probleminə çevrilir. Atlasa görə, 5-19 yaşlı uşaqlar arasında piylənmənin qlobal yayılmasının 2025-ci ildəki 8,7%-dən 2040-cı ilə qədər 11,9%-ə çatacağı gözlənilir. Bununla yanaşı, azyaşlılarda piylənmənin artmasının qlobal qidalanma tendensiyalarında böyük bir dəyişikliyi təmsil etdiyi bildirilir.
Yeni hesabatda 2026-2027-ci illər arasında piylənmə ilə yaşayan məktəbyaşlı uşaqların sayının dünyada ilk dəfə çəki azlığı olanları keçəcəyi təxmin edilir. 2010-cu ildən bəri 180-dən çox ölkədə uşaqlarda artıq çəki və piylənmə hallarının artması müşahidə olunub.
Səhiyyə mütəxəssisləri bildirirlər ki, mövcud tendensiyalar davam edərsə, 2040-cı ilə qədər 5-19 yaş arası ən azı 120 milyon uşaqda yüksək bədən kütlə indeksi ilə əlaqəli xroniki xəstəliklərin erkən əlamətləri inkişaf edə bilər.