06 mart 2026 15:46
239

Bakıda və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramının icrası üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüşdə Nazirlər Kabinetinin və Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndələri iştirak ediblər.

Mərkəzin icraçı direktorunun müavini Təranə Salıfova Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlər üzrə hədəf göstəricilərin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb. Həmçinin Dövlət Proqramı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların “e-monitorinq” üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsini vurğulayıb.

Görüşdə Dövlət Proqramının Tədbirlər planı üzrə indikator cədvəlinin hazırlanması üçün İİTKM tərəfindən nümunəvi forma təqdim edilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, hesabatlılıq mexanizmlərinin tətbiqi, “Layihə idarəetməsi” modulu üzrə layihələrin siyahısının formalaşdırılması məsələləri və qarşıda duran digər vəzifələr müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 12 yanvar tarixli 883 nömrəli Sərəncamına əsasən, “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.