08 mart 2026 10:54
89

Uitkoff Moskvadan İrana kəşfiyyat məlumatı ötürməməyi xahiş edib

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, Vaşinqton Moskva hakimiyyətinə müraciət edərək İrana ABŞ hərbi qüvvələrinə zərbə endirmək üçün kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmağı xahiş edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Uitkoff bu barədə prezident təyyarəsinin göyərtəsində keçirilən mətbuat konfransında danışıb.

Jurnalistlərin Vaşinqtonun Moskvanın İrana yardım göstərdiyini sübut edən dəlillərə sahib olub-olmadığı barədə sualına cavab verən ABŞ prezidenti Donald Tramp isə “bunu bilmədiyini” deyib. Ağ Evin rəhbəri əlavə edib ki, belə bir dəstək olsa belə, bunun İrana ciddi köməyi yoxdur: “Əgər onlar məlumat ötürürlərsə belə, bu, onlara kömək etmir. Son bir həftədə İranla baş verənlərə baxsanız, görərsiniz ki, bunun demək olar ki, heç bir faydası yoxdur”.

Bir jurnalistin Rusiyanın bu addımlarla özünü başqa bir münaqişəyə cəlb etdiyini və İranı dəstəkləməsini ABŞ-ın hərəkətlərinə simmetrik cavab kimi qiymətləndirə biləcəyini deməsinə cavab olaraq Tramp bildirib ki, Tehranın hazırkı hərbi potensialı artıq ciddi şəkildə zəiflədilib.

“Baxın, onlar istədikləri qədər məlumat ötürə bilərlər, amma bu məlumatları alan insanlar artıq darmadağın edilib. Rusiyanı da darmadağın edərdilər. Hər kəsi darmadağın edərdilər. Dünyanın ən güclü ordusu bizdədir”, – deyə Donald Tramp bildirib.

Bundan əvvəl The Washington Post qəzeti mənbələrə istinadla yazmışdı ki, Rusiya İrana ABŞ qoşunlarının, hərbi gəmilərinin və təyyarələrinin yerləşməsi və hərəkəti barədə məlumatlar təqdim edir. Ağ Evin mətbuat katibi Kerolayn Levitt isə Moskvanın münaqişədə iştirakının “əhəmiyyət kəsb etmədiyini” bildirib. O həmçinin qeyd edib ki, bu məsələ Trampın Ukrayna ilə bağlı danışıqlar prosesindən imtina etməsinə səbəb olmayacaq.

Pentaqonun rəhbəri Pit Heqset də bildirib ki, bu məlumatlar Vaşinqtonu “narahat etmir”.