10 mart 2026 11:05
111

BMT: Qlobal kataklizmlər fonunda uşaqlara qarşı zorakılıq və istismar halları artıb

BMT-nin uşaq alveri, azyaşlıların əmək və cinsi istismarı üzrə müstəqil eksperti Fatima Sinqhat bazar ertəsi günü bildirib ki, qlobal miqyasda əldə edilən bəzi irəliləyişlərə baxmayaraq, dünyada uşaqlar hələ də qeyri-insani və iyrənc cinayət hallarının artması riski ilə üzləşirlər. O əlavə edib: “Bu cinayətlərin bir-biri ilə əlaqəli olması indi daha dərindən başa düşülür. Biz, həmçinin daha güclü beynəlxalq əməkdaşlığın, özəl sektorun bu halların qarşısının alınması üzrə yaxın iştirakının şahidi oluruq. Lakin bu nailiyyətlərə baxmayaraq, uşaqlara qarşı zorakılıq hallarının miqyası və şiddəti hələ də narahatedicidir”.

“İki sahil” təşkilatın məlumatına istinadla xəbər verir ki, ekspert Cenevrədə yerləşən BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi yekun hesabatında dünyada çoxlu uşağın hələ də insan alverinə, cinsi istismara və zorakılığa məruz qaldığını bildirib. O əlavə edib ki, bu cinayətlər çox vaxt gizlədilir, normal hal kimi qəbul edilir və ya onlara lazımi diqqət yetirilmir.

Müstəqil ekspert qeyd edib ki, son illərdə ölkələr cinayət qanunvericiliyi çərçivələrini beynəlxalq standartlara uyğunlaşdırmaq, habelə cinayətkarları uşaq alveri və cinsi istismara görə cinayət məsuliyyətinə cəlb etmək üzrə əhəmiyyətli irəliləyişlər əldə ediblər. Lakin hesabatın mövcud vəziyyətə dair icmalı uşaqların cinsi istismarının sürətlə inkişaf edən mənzərəsini ortaya qoyur. Qeyd olunur ki, rəqəmsal təhdidlər gücləndikcə və qlobal böhranlar ortaya çıxdıqca, uşaqlar üçün risklər də davamlı şəkildə artır. Sənəddə vurğulanır: “Texnologiyaya əsaslanan cinsi istismar və zorakılıq halları artır, münaqişələr və iqlimlə əlaqəli fəlakətlər isə uşaqların cinsi istismarı və zorakılığı üçün əlverişli mühitlər yaratmağa davam edir. Bundan başqa, genişlənən hasilat sənayesi uşaq əməyi istismarını artırır”.

BMT-nin müstəqil eksperti bildirib ki, yeni qlobal çağırışlar strategiyaların yenidən nəzərdən keçirilməsini, yenilənmiş və effektiv şəkildə tətbiq olunan hüquqi çərçivənin təkmilləşdirilməsini, uşaqlara zərər verməyə çalışanlara qarşı mübarizə apara bilən texnoloji həllərə investisiya qoyulmasını tələb edir.

Hesabatda üzv ölkələrə aşağıdakı tövsiyələr verilib; uşaq istismarının bütün formalarını cinayət hesab edən hüquqi çərçivələri gücləndirmək, onları effektiv şəkildə tətbiq etmək, rəqəmsal təhlükəsizliyə və texnologiya platformalarının daha sərt tənzimlənməsinə investisiya qoymaq, sərhədlərarası əməkdaşlığı gücləndirmək, qurban mərkəzli ədaləti təmin etmək, köklü səbəbləri aradan qaldırmaq, özəl sektoru aktiv tərəfdaş kimi cəlb etmək.

Ekspert, həmçinin uşaqlarla işləyən və ya onlara xidmət edən bütün şəxsləri hər bir qərarın, siyasətin və müdaxilənin mərkəzində olmağa çağırıb.