ABŞ-da aparılan yeni araşdırmaya görə, dövlət siyasətindəki dəyişikliklər ölkədə fəaliyyət göstərən şirkətlərin böyük hissəsinin kadr strategiyasına təsir göstərib.
“İki sahil” xəbər verir ki, Tədqiqat Littler Workplace Policy Institute tərəfindən hazırlanıb və 300-dən çox hüquqşünas, HR mütəxəssisi və şirkət rəhbərinin sorğusuna əsaslanır.
Araşdırmanın nəticələrinə görə, işəgötürənlərin 71%-i müxtəliflik, bərabərlik və inklüzivlik siyasətindəki (DEI) dəyişikliklərin şirkət fəaliyyətinə təsir etdiyini bildirib. Bundan əlavə, respondentlərin 65%-i immiqrasiya siyasətindəki dəyişikliklərin də əmək bazarına təsir etdiyini qeyd edib.
İmmiqrasiya məhdudiyyətləri kadr çatışmazlığı problemini daha da gücləndirib. Sorğuda iştirak edən işəgötürənlərin 63%-i miqrasiya qaydaları səbəbindən işçi tapmaqda çətinlik çəkdiklərini bildirib. İşçi sayı 10 mindən çox olan böyük şirkətlərdə isə bu göstərici 75%-ə qədər yüksəlir.
Tənzimləmə sahəsindəki qeyri-müəyyənlik və iqtisadi vəziyyət də biznesin kadr planlarına təsir edib. Sorğunun nəticələrinə görə, şirkətlərin 35%-i son bir ildə işçi ixtisarları həyata keçirib, daha 30%-i isə işə qəbul prosesini dayandırıb və ya ləngidib.
Əlavə çətinliklər ABŞ ştatları və bələdiyyələri səviyyəsində qəbul edilən yeni qanunvericilik dəyişiklikləri ilə bağlıdır. İşəgötürənlərin 89%-i regional qaydaların kadr siyasətinə təsir etdiyini bildirib. Bu qaydalar əsasən maaşların şəffaflığı, əməkhaqqında bərabərlik və şəxsi məlumatların qorunması kimi məsələləri əhatə edir.
Tədqiqat müəllifləri qeyd edirlər ki, mövcud şəraitdə şirkətlər işçi sayını artırmaq məsələsində daha ehtiyatlı davranır və əmək hüququ sahəsində federal tənzimləyici qurumların mümkün yeni qərarlarını diqqətlə izləyirlər.