Avropada təbii qaz ehtiyatları soyuq qış səbəbindən kritik həddə qədər azalıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Politico" nəşri məlumatlı mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, Avropadakı qaz anbarlarında ehtiyatların səviyyəsi hazırda adi göstəricilərdən xeyli aşağıdır. Bu vəziyyət Avropa İttifaqı rəhbərliyində ciddi narahatlıq doğurur. Mənbənin sözlərinə görə, hələlik qaz treyderlərinin qarşıdakı yay mövsümündə ehtiyatları sürətlə bərpa edib-etməyəcəyi ilə bağlı dəqiq əminlik yoxdur.
Nəşr qeyd edir ki, bu ilin sərt qışı qaz istehlakını kəskin artırıb və nəticədə Avropanın qaz anbarları qeyri-adi dərəcədə boşalıb. Mövcud vəziyyəti sabitləşdirmək üçün Aİ müxtəlif fövqəladə tədbirləri nəzərdən keçirir. Bunlara aşağıdakılar daxil ola bilər: enerji resurslarının birgə təcili satın alınması, qaz bazarında qiymət məhdudiyyətlərinin tətbiqi, ehtiyatların daha koordinasiyalı şəkildə idarə olunması.