10 mart 2026 13:41
104

Moldova 90 günlük strateji neft məhsulları ehtiyatı yaratmağı planlaşdırır

Moldova hökuməti Yaxın Şərqdə gərginliyin artması fonunda 90 günlük idxala bərabər strateji neft məhsulları ehtiyatı yaratmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Enerji Nazirliyinin sosial şəbəkə hesabında məlumat yayıb.

Təklif olunan təşəbbüsə görə, ehtiyatların formalaşdırılması dövlət və yanacaq idxal edən şirkətlər arasında bərabər şəkildə bölüşdürüləcək. Hər iki tərəf ümumi ehtiyatın 50%-ni təmin etməlidir.

Layihədə həmçinin aşağıdakı şərtlər nəzərdə tutulur: Yanacağın ən azı 60%-i ölkə daxilində saxlanmalıdır, qalan hissənin xaricdə saxlanmasına icazə veriləcək, strateji ehtiyatlara dizel, benzin və aviasiya yanacağı daxil ediləcək.

Bu ehtiyatlardan istifadə yalnız yanacaq tədarükündə böhran yaranacağı halda mümkün olacaq. Belə bir vəziyyətdə hökumət neft məhsulları sektorunda fövqəladə rejim elan etməlidir.

Hazırda Moldovada mövcud kommersiya yanacaq ehtiyatları ölkənin daxili tələbatını təxminən 21–30 gün təmin edə bilir.

Martın 4-də Moldova hökuməti ölkənin enerji təhlükəsizliyini qorumaq məqsədilə enerji sektorunda 60 günlük yüksək hazırlıq rejimi elan edib. Martın 6-da isə ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, Kişinyov Bakudan neft məhsulları idxalını və birgə enerji layihələrini nəzərdən keçirir.