İdman zallarında geniş istifadə olunan məşq öncəsi qəbul edilən qida əlavələrinin yuxu rejiminə təsiri ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr ortaya qoyub. Alimlər bildiriblər ki, bu cür əlavələr xüsusilə yeniyetmələr və gənclər arasında yuxu müddətinin ciddi şəkildə azalmasına səbəb ola bilər.
Kanadada fəaliyyət göstərən University of Torontonun tədqiqatçıları qeyd ediblər ki, idman öncəsi istifadə edilən əlavələrin tərkibindəki kofeinin miqdarı bəzən adi bir fincan qəhvədən bir neçə dəfə çox olur. Bu maddələr qısa müddətdə enerji artımı yaratsa da, bunun qarşılığında yuxu müddətinin azalması kimi mənfi nəticələr ortaya çıxa bilər.

Tədqiqat çərçivəsində təxminən 900 iştirakçının məlumatları təhlil edilib. Araşdırmaçılar son bir il ərzində idman öncəsi əlavələrdən istifadə ilə son iki həftədəki orta yuxu müddəti arasındakı əlaqəni statistik üsullarla qiymətləndiriblər. Nəticələr göstərib ki, idman öncəsi əlavələrdən istifadə edən gənclərin gecə ərzində 5 saat və ya daha az yatma ehtimalı bu məhsullardan istifadə etməyən həmyaşıdları ilə müqayisədə iki dəfədən çox yüksəkdir. Bu isə gənclər üçün tövsiyə olunan təxminən 8 saatlıq yuxu müddətindən xeyli azdır.
Araşdırmanın nəticələri “Sleep Epidemiology” jurnalında dərc olunub. Tədqiqat müəlliflərindən biri olan Kayl T. Qanson bildirib ki, idman öncəsi yüksək miqdarda kofein və stimullaşdırıcı maddələr ehtiva edən qida əlavələrinin qəbulu performans və enerji artırmaq istəyən gənclər arasında getdikcə daha populyarlaşır.
Mütəxəssislərin sözlərinə görə, bu məhsulların tərkibində adətən 90-350 milliqram arasında kofein olur. Müqayisə üçün qeyd olunub ki, bir qutu kolada təxminən 35 milliqram, bir fincan qəhvədə isə orta hesabla 100 milliqram kofein mövcuddur.
Tədqiqatın nəticələri göstərib ki, bu cür əlavələrin istifadəsi yuxu çatışmazlığına səbəb ola bilər. Halbuki kifayət qədər yuxu gənclərin sağlam inkişafı, psixi sağlamlığı və akademik fəaliyyətləri üçün mühüm əhəmiyyət daşıyır.
Araşdırmanın müəllifləri pediatrları və ailə həkimlərini gənc pasiyentlərlə görüş zamanı qida əlavələrinin istifadəsi barədə mütəmadi olaraq suallar verməyə çağırıblar. Onların fikrincə, gənclər bu məhsulları çox vaxt zərərsiz idman məhsulu kimi qəbul edirlər.
Mütəxəssislər bildiriblər ki, bəzi hallarda riskin azaldılması üçün bu cür məhsullardan yatmazdan ən azı 12-14 saat əvvəl istifadə edilməməsi tövsiyə oluna bilər. Bununla yanaşı, gənclərin və valideynlərin bu əlavələrin mümkün təsirləri barədə məlumatlandırılması vacib hesab olunur.
Araşdırma göstərir ki, idman öncəsi qəbul edilən qida əlavələrinin tərkibindəki yüksək kofein miqdarı gənclərdə yuxu rejiminə və ümumi sağlamlığa mənfi təsir göstərən amillərdən biri ola bilər.
Şahnigar Əhmədova, “İki sahil”