11 mart 2026 08:15
103

Hörmüz boğazı - Dünya neft bazarını çalxalayan kiçik dəhliz

İsrail- ABŞ-İran müharibəsi artıq regional miqyasdan çıxmaqla beynəlxalq münaqişəyə çevrilib. Xüsusilə müharibənin yaratdığı qlobal  problem İranın Hörmüz boğazını bağlanması ilə daha da qabarmış oldu. Belə ki, boğazdan keçən gəmilərin qarşısı alınmaqla qitələrarası neft və maye qaz daşınmaları tormozlanıb. Nəticədə neft və qaz daşınmalarının xərci artmaqla dünya bazarlarında qiymətlər də ciddi şəkildə yüksəlib.

Hörmüz boğazı Oman və İran arasında yerləşir və şimaldakı körfəzi cənubda Oman körfəzi və daha sonra Ərəb dənizi ilə birləşdirir. Ən dar nöqtəsində eni 21 mil (33 km), hər iki istiqamətdə gəmiçilik zolağı isə cəmi 2 mil (3 km) təşkil edir.

Dünyada istehlak olunan ümumi neftin təqribən beşdə biri bu boğazdan keçir. Analitik şirkəti «Vortexa»nın məlumatına görə, ötən il gündəlik orta hesabla 20 milyon bareldən çox xam neft, kondensat və yanacaq boğazdan keçib. OPEC üzvləri olan Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və İraq xam neftin böyük hissəsini əsasən Asiyaya məhz bu boğaz vasitəsilə ixrac edir. Dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz ixracatçılarından biri olan Qətər isə LNG-nin demək olar ki, hamısını bu boğazdan göndərir.

İndi Hörmüz boğazında qəza və hücum xəbərdarlıqları nəticəsində tanker sahibləri öz gəmilərini limanlardan çıxarmır. Eyni zamanda,  sığorta şirkətləri neft daşıyan gəmilərin təhlükədə olacağından riskə getmək istəmirlər. Dünya mediasındakı məlumatlara əsasən, hazırda 170-ə  yaxın tanker Hörmüz boğazına çatmadan açıq sularda lövbər salıblar. Mütəxəssislərin fikrincə, əgər blokada daha bir ay davam edərsə neft idxal edən ölkələrin ehtiyatları tükənə bilər.  Bu isə o deməkdir ki, İranın Hörmüz boğazına təsir imkanları qlobal enerji bazarına birbaşa təsir göstərən strateji vasitədir.  

Qeyd edək ki, Azərbaycan neft ixracını əsasən Bakı–Tbilisi–Ceyhan kəməri ilə Qara dənizə çatdırır. Bu marşrut Hörmüzə tam bağlı deyil. Buna baxmayaraq, dünya bazarındakı qiymət artımı neft öllkəsi olaraq Azərbaycana da əlavə gəlir gətirir. Qeyd edək ki,  martın 6-a olan məlumata görə dünya bazarında «Azeri Light» markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,82 faiz artaraq 103 ABŞ dolları təşkil edib. Hərracların nəticələrinə görə, Norveçin  «Rystad Energy» konsaltinq şirkətinin analitikləri «London ICE» birjasında «Brent» markalı neftin qiymətinin 20 dollara qədər sıçrayış edəcəyini proqnozlaşdırırlar. Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel xam neftin qiyməti 65 dollardan hesablanmışdı. Halbuki fevralın ortasında «Azeri light» markalı neftin qiyməti artıq 70,36 dollar səviyyəsinə yüksəlmişdi.

Onu da bildirək ki, hazırkı qiymət sıçrayışının fundamental əsasları yoxdur. Gərginlik azaldıqca, qiymətlərin yenidən enməsi gözlənilir. Yəni, indiki bahalaşma  qısa dövrü əhatə edərsə neft qiymətləri tədricən əvvəlki səviyyəsinə enəcək. Lakin münaqişə uzun müddət davam edərsə, analitiklər neftin bir barelinin 110 dollara yüksələ biləcəyini ehtimal edirlər.

Bu arada ABŞ Prezidenti Donald Trump İranı Hörmüz boğazı ilə bağlı mümkün addımlardan çəkindirməyə çağırıb. O, bu barədə özünün Truth Social hesabında paylaşım edərək bildirib ki, İran Hörmüz boğazından neft axınını dayandırmağa və ya məhdudlaşdırmağa cəhd edərsə, Vaşinqton buna çox sərt cavab verəcək: «Əgər İran Hörmüz boğazından neft axınının qarşısını almaq üçün hər hansı addım atsa, ABŞ ona indiyədək etdiyi bütün zərbələrdən 20 dəfə daha güclü zərbə endirəcək».

ABŞ prezidenti xüsusi vurğulayıb ki, belə bir halda ABŞ İranın «həssas hədəflərini» məhv etməyə hazırdır: «Biz həssas hədəfləri məhv edəcəyik və bununla da İranın bir dövlət kimi özünü yenidən qurmasını faktiki olaraq qeyri-mümkün edəcəyik. Ölüm, od və qəzəb onlara göndəriləcək. Amma ümid edirəm və dua edirəm ki, bu baş verməsin».

O deyib ki, Hörmüz boğazının açıq qalması təkcə ABŞ üçün deyil, həm də enerji marşrutundan geniş istifadə edən ölkələr üçün vacibdir: «Bu, ABŞ-nin Çinə və Hörmüz boğazından əhəmiyyətli dərəcədə istifadə edən bütün ölkələrə bir hədiyyə olacaq. Ümid edirəm ki, bu jest təqdir olunacaq»

İranın SEPAH hərbi birləşməsi isə İsraill, ABŞ-ın hücumları dayandarmayacağı təqdirdə boğazdan keçəcək gəmiləri hər an vurmağa hazır olduğunu bildirib.

Elçin Zaman, "İki sahil"