Pekin 2026-cı il üçün milli müdafiə xərclərinin planını rəsmi şəkildə açıqlayıb. Büdcə 1,91 trilyon yuan və ya təxminən 277 milyard dollar təşkil edir.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Çinin 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin sessiyasında bildirilib ki, bu məbləğ ölkənin ümumi daxili məhsulunun yalnız 1,3 faizinə bərabərdir və bu göstərici ilə Çin rəsmi olaraq ABŞ-dən sonra dünyada ikinci yerdə qərarlaşıb.
Pentaqon isə Çin tərəfindən açıqlanan məlumatların şəffaflığına ciddi şübhə ilə yanaşır və Pekinin real hərbi xərclərinin 40-90 faiz daha yüksək ola biləcəyini bildirir.
ABŞ müdafiə qurumunun qiymətləndirməsinə görə, real xərclər 526 milyard dollara qədər çata bilər və bu da ÜDM-in təxminən 2,48 faizinə bərabərdir. Gizli maliyyənin böyük hissəsinin nüvə arsenalının modernləşdirilməsinə, aerokosmik texnologiyaların inkişafına və ümumi müdafiə büdcəsində əks olunmayan dövlət-özəl hərbi təşəbbüslərin dəstəklənməsinə yönəldildiyi ehtimal olunur.