12 mart 2026 11:07
167

Bakıda Dünya Kuboku: GİMNASTİKAMIZIN BEYNƏLXALQ ARENADA GÜCLƏNƏN MÖVQEYİNİN DAHA BİR NÜMAYİŞİ

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yalnız idmançıların bacarıqlarını nümayiş etdirmək üçün platforma olmayıb, eyni zamanda Azərbaycan gimnastikasının beynəlxalq səviyyədə nüfuzunu daha da möhkəmləndirdi. Yarış yüksək təşkilati standartlar, peşəkar hakimlik və müasir texniki təminatla yadda qaldı. Bu tədbir ölkəmizin idman mərkəzi kimi mövqeyinin güclənməsinə, gimnastlarımızın rəqabət qabiliyyətinin artmasına və beynəlxalq arenada uğur qazanmaq potensialının nümayişinə mühüm töhfə verdi.

Azərbaycan Gimnastika Federasiyasının nümayəndəsi Sara Şükürova ilə söhbətimizdə yarışın əhəmiyyəti, idmançılarımızın çıxışı və gələcək perspektivlər barədə ətraflı fikir mübadiləsi etdik.

-Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokunun ümumi təşkilati səviyyəsini və yarışın Azərbaycan gimnastikasının beynəlxalq nüfuzuna təsirini necə qiymətləndirirsiniz?

-Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yüksək təşkilati səviyyə ilə yadda qaldı. Yarış həm logistika, həm hakimlik, həm də texniki təminat baxımından beynəlxalq standartlara uyğun təşkil olundu.

-Turnirdə 30-dan çox ölkənin iştirak etməsi rəqabət səviyyəsinə və idmançıların performansına hansı şəkildə təsir göstərdi?

-Yarışda 30-dan çox ölkə idmançılarının iştirak etməsi turnirin rəqabət səviyyəsini xeyli yüksəltdi. Güclü rəqiblərlə mübarizə gimnastların maksimum performans göstərməsinə stimul yaradır.

-Azərbaycan gimnastlarının bu yarışdakı çıxışını federasiya olaraq necə dəyərləndirirsiniz?

-İdmançılarımızın final mərhələsinə vəsiqə qazanması sevindirici haldır. Bu, onların hazırlıq səviyyəsinin yüksək olduğunu və beynəlxalq arenada rəqabət aparmaq potensialına malik olduqlarını göstərir.

-Final mərhələsində gimnastlarımızın ilk üçlükdə yer ala bilməməsinin əsas səbəblərini nədə görürsünüz?

-Final mərhələsində rəqabət son dərəcə yüksək idi. Bəzi hallarda texniki səhvlər və ya proqramların çətinlik səviyyəsinin rəqiblərlə müqayisədə bir qədər aşağı olması nəticəyə təsir göstərdi.

-Nikita Simonovun 4-cü yeri tutması kifayət qədər yüksək nəticə hesab oluna bilərmi və bu çıxışın gələcək yarışlar üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

-Nikita Simonov öz növündə güclü gimnastlardan biridir. O, çox güclü rəqiblərlə mübarizə apararaq yüksək səviyyəli çıxış nümayiş etdirdi.

-Dünya Kubokunun Bakıda keçirilməsi ölkəmizin gimnastika mərkəzi kimi mövqeyinin möhkəmlənməsinə necə təsir göstərir?

-Bakıda keçirilən beynəlxalq yarışlar ölkəmizin idman mərkəzi kimi mövqeyinin daha da möhkəmlənməsinə mühüm töhfə verir. Gimnastika üzrə yarışların yüksək səviyyəli infrastrukturda – Milli Gimnastika Arenasında keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Arena müasir texniki imkanları, beynəlxalq standartlara cavab verən yarış avadanlıqları, məşq zalları və idmançılar üçün yaradılan komfortlu şərait ilə dünya gimnastika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Bakıda keçirilən Dünya Kuboku Azərbaycan gimnastikasının beynəlxalq arenadakı mövqeyini gücləndirdi və idmançılarımızın gələcək uğurları üçün stimul yaratdı. Federasiya olaraq bütün iştirakçılara uğurlar arzulayır və gələcək yarışlarda daha böyük nailiyyətlər gözləyirik. Müsahibəyə vaxt ayırdığı və dəyərli fikirlərini paylaşdığı üçün Sara Şükürovaya təşəkkürümüzü bildiririk.

Qeyd edək ki, 5–8 mart tarixlərində Milli Gimnastika Arenasında keçirilən İdman Gimnastikası üzrə FIG Dünya Kuboku 30-dan çox ölkənin idman gimnastlarını bir araya topladı. Turnirdə ölkəmizi kişilər arasında Nikita Simonov, Aydın Əlizadə və Rəsul Əhmədzadə, qadınlar arasında isə Dəniz Əliyeva və Nazənin Teymurova təmsil etdilər. Yarışın ilk iki günü təsnifat mərhələsinə, son iki günü isə final çıxışlarına həsr olundu. Təsnifat mərhələsinin nəticələrinə əsasən Nikita Simonov, Dəniz Əliyeva və Aydın Əlizadə final mərhələsinə vəsiqə qazandılar.

Finallarda isə, təəssüf ki, gimnastlarımız ilk üçlükdə yer ala bilmədilər. Belə ki, Nikita Simonov yarışları 4-cü, Dəniz Əliyeva 6-cı, Aydın Əlizadə isə 8-ci pillədə başa vurdu.Dörd gün ərzində tamaşaçılar yarışlarla yanaşı, müxtəlif maraqlı interaktiv əyləncələrdə də iştirak etdilər. Sevimli maskotlarımız Tilli və Cilli də onlarla birlikdə əylənərək idmançıları ruhlandırdılar. Beləliklə, dörd gün davam edən idman bayramı uğurla yekunlaşdı.

Yaqut Ağaşahqızı, “İki sahil”