13 mart 2026 10:45
96

Türkiyənin sənaye və texnologiya naziri “Polad Günbəz” layihəsi ilə raketlərin mənzil və sürətinin artırılacağını açıqlayıb

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Türkiyənin müdafiə sənayesində daha böyük layihələrə imza atmağa hazırlaşdığını bildirərək “Polad Günbəz” hava hücumundan müdafiə layihəsinin tamamlanacağını və yerli raketlərin mənzil və sürətlərinin artırılacağını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Aksarayda Texnopark və Milli Texnologiya Emalatxanasının açılışında çıxış edən Kacır Türkiyənin son illərdə müdafiə texnologiyaları sahəsində mühüm dönüş yaşadığını vurğulayıb.

Kacır müdafiə sənayesindəki hədəflərlə bağlı bunları deyib: “İnşallah müdafiə sənayesində daha böyük işlər görəcəyik. “Polad Günbəz” layihəsini tamamlayıb raketlərimizin mənzilini və sürətini artıracağıq. Ta ki heç bir məsuliyyətsiz şəxs türk millətinin bir nəfərinə belə, hətta bir çınqıl daşına belə zərər verməyi ağlının ucundan belə keçirə bilməyəcəyi səviyyəyə çatana qədər”.

Türkiyənin müdafiə texnologiyalarında mühüm ekosistem formalaşdırdığını bildirən Kacır pilotsuz sistemlərdən döyüş təyyarələrinə qədər bir çox kritik platformanın yerli mühəndislik imkanları ilə hazırlandığını deyib. Kacır Türkiyənin müdafiə sənayesində çatdığı səviyyəni belə qiymətləndirib: “Bu gün pilotsuz uçuş aparatlarından helikopterlərə, hava hücumundan müdafiə sistemlərindən yeni nəsil döyüş təyyarəmizə qədər bir çox kritik platformanı öz mühəndislərinin və texniki mütəxəssislərinin zəhməti ilə hazırlayan bir Türkiyə var”.