Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) dərc etdiyi yeni araşdırmaya görə, Almaniya 2021-2025-ci illər dövründə qlobal silah ixracında Çini geridə qoyaraq dünyanın dördüncü ən böyük silah ixracatçısına çevrilib.
“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Hesabata görə, Berlin qlobal silah ixracının 5,7 faizini həyata keçirib, Çinin payı isə 5,6 faiz səviyyəsində qalıb. Siyahının birinci sırasında 42 faizlik payla ABŞ yer alır, 9,8 faizlə Fransa ikinci, 6,8 faizlə Rusiya isə üçüncü yerdədir.
Mütəxəssislər bildirirlər ki, bu dəyişikliyin əsas səbəblərindən biri Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra Avropada müdafiə istehsalının sürətlə artmasıdır. Eyni araşdırmaya görə Ukrayna 2021-2025-ci illər dövründə böyük silah sistemlərinin idxalında 9,7 faizlik payla dünyanın ən böyük silah idxalçısına çevrilib.
SIPRI məlumatlarına görə Ukrayna, Misir və İsrail həmin dövrdə Almaniya müdafiə məhsullarının ən böyük alıcıları arasında olub. Bu ölkələrin tələbatı Almaniyanın xarici hərbi satışlarının 2016-2020-ci illərlə müqayisədə 15 faiz artmasına töhfə verib.
Hesabatda həmçinin qeyd olunub ki, Almaniyanın silah ixracının təxminən 24 faizi Ukraynaya hərbi yardım çərçivəsində göndərilib.