13 mart 2026 19:24
87

Azərbaycan və Ermənistan Qarabağ münaqişəsini bitirib, amma...

Münaqişənin davam etməsini istəyənlər hələ də var. 2020-ci ilin payızından bu yana həmin qüvvələr çox hoqqalardan çıxsalar da nəticə onların istədiyi kimi olmadı. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi bağlamaq üçün razılığa gəldilər. Təəssüf ki, davakar dairələr bunda dərs götürmədilər, qaragüruhçu əməllərini davam etdirdilər.

Onlar Qarabağ mövzusunu həm Azərbaycanın, həm də Ermənistanın baş ağrısına çevirməyə cəhd edirlər. Baxmayaraq ki, vaxtilə müharibə edənlər sülhə gəliblər, münasibətlər normallaşdırmaya doğru irəliləyir. Narazılardan biri də rəsmi Moskvadır. Bu, ona oxşayır ki, dalaşıb barışan iki qonşunu üçüncü qonşu qızışdırıb yenidən dalaşdırmağa çalışır. Siyasi mühit göstərir ki, Kreml müxtəlif variantlarla bu ölkədəki itirdiyi dayaqları inadla bərpa etməyə çalışır. Bu dəfə hədə-qorxu və təhdidlə deyil, yumşaq üsulla məqsədinə çatmaq istəyir. Özünün ucqarlardakı əhalisini tam təmin edə bilməsə də erməniləri yaxşı yedizdirməyi planlaşdırır, Ermənistana qatar dolu yüklər göndərir. Halbuki bunu ondan kimsə xahiş etmir, əksinə rədd edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan üçün artıq beş ildir ki, Qarabağ erməniləri mövzusu qapanıb. Öz istəkləri ilə Ermənistana və xarici ölkələrdə yaşamağa gedənlərə pasport və icazə verilib. Köçən ermənilər  Qarabağa qayıtmayacaqlarını qətiyyətlə bildiriblər. Kim nə deyə bilər, özlərinin şəxsi seçimidir, öz ölkələrində yaşamaq istəyirlər. Paşinyan bunu bir neçə gün əvvəl Avropa Parlamentindəki çıxışında da bildirib.

Qarabağdan könüllü gedən ermənilərə kütləvi şəkildə Ermənistan vətəndaşlığının verildiyini deyən baş nazir ermənilərin geri dönüşü siyasətinin yanlış olduğunu, bunun Azərbaycanla münasibətləri yenidən gərginləşdirə biləcəyini vurğulayıb. Belə olan təqdirdə Qərbi Azərbaycandan zorla deportasiya edilən 300 min nəfər azərbaycanlı öz ata-baba torpaqlarına qayıtmalıdır. Paşinyan bu mövzuya nöqtə qoyarkən, Kreml ermənilərə “humanitar yardım” adı ilə Qarabağ mövzusunu yenə gündəmə gətirməyə çalışır. O da aydındır ki, Kreml Qarabağ ermənilərinə humanitar yardım adı altında onları Ermənistanda parlament seçkilərindən əvvəl Nikol Paşinyana qarşı fəallaşdırmağa çalışır. Digər məqsəd Paşinyan hökumətini cəmiyyətin gözündən salmaq və seçkilərdə məğlubiyyətə uğratmağa müvəffəq olmaqdır. Bunun üçün isə üç il davam edən təhdid siyasətinin davamı kimi “humanitar yardım” metodunu işə salıb.

Buna baxmayaraq, baş nazir Nikol Paşinyanın qərarı qətidir. Rusiyadan göndəriləcək “humanitar yardımların” qarşısı alınıb. Əlbəttə, belə məqamda  rəsmi Moskva “dikbaş baş naziri” yerində oturtmağın başqa yollarını axtarmalı olacaq. Baş nazir vəzifəsinə  namizəd də var: ermənilərin dabbaxda gönünə bələd olduqları qatil və talançı kimi nifrət qazanan Robert Koçaryan. Ancaq ABŞ-ın və Avropanın Ermənistanın yanında dayandığının fərqində olan keçmiş “ağa” daha əvvəlki kəskin hökmlə danışa bilmir.

Vəli İlyasov, “İki sahil”