Birləşmiş Krallıq və İrlandiya ümumi təhlükələrə qarşı daha yaxşı qorunmaq məqsədilə müdafiə sahəsində əməkdaşlığı gücləndirən yenilənmiş anlaşma memorandumu imzalayıblar.
“İki sahil” xəbər verir ki, sənəd Birləşmiş Krallığın və İrlandiyanın müdafiə nazirləri tərəfindən imzalanıb. Yenilənmiş memorandum dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, kibermüdafiə, hava məkanına dair məlumat mübadiləsi və birgə hərbi satınalmaların artırılmasını nəzərdə tutur.
Razılaşmaya əsasən, Birləşmiş Krallıq silahlı qüvvələri və İrlandiya müdafiə qüvvələri dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək, xüsusilə də kritik sualtı infrastrukturu qorumaq və dəniz təhlükəsizliyi insidentlərinə cavab mexanizmlərini təkmilləşdirmək üçün birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində tərəflər, həmçinin hərbi texnikanın birgə satın alınması və hökumətlərarası satış imkanlarını araşdıracaqlar.