16 mart 2026 14:06
103

Aqrar İnkişaf Könüllüləri tərəfindən “AgroLab” layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və “Agriman” Group MMC-nin dəstəyi, Aqrar İnkişaf Könüllüləri (AİK) Təşkilatının təşkilatçılığı ilə kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinə həsr olunmuş “AgroLab” layihəsinin açılış mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Azad Cəfərli bildirib ki, aqrar sahədə innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqi bu sahənin daha səmərəli və dayanıqlı inkişafına böyük töhfə verir. O qeyd edib ki, ağıllı kənd təsərrüfatı aqrar sahədə rəqəmsal transformasiyanı təmin etməklə daha səmərəli və effektiv istehsalın qurulmasına imkan verir. Süni intellekt vasitəsilə torpağın vəziyyəti, hava şəraiti və bitkilərin inkişafı daha dəqiq analiz olunur. Eyni zamanda, xəstəlik və zərərvericilərin erkən mərhələdə aşkarlanması mümkün olur. Aparat rəhbəri əlavə edib ki, rəqəmsal texnologiyaların tətbiqi və məlumatların təhlili fermerlərin düzgün qərar qəbul etməsinə kömək edir. İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında xərcləri azaltmaqla yanaşı, ekoloji tarazlığın qorunmasına da kömək edir.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə ictimai-sosial fəaliyyətlərin əlaqələndirilməsi üzrə koordinatoru Nihad Allahyarlı, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov və “Agriman” Group MMC-nin həmtəsisçisi Vasif Əliyev kənd təsərrüfatında innovativ yanaşmaların və süni intellekt texnologiyalarının tətbiqinin əhəmiyyətini vurğulayıb, bu istiqamətdə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib və iştirakçılara layihə çərçivəsində uğurlar arzulayıblar.

Tədbir çərçivəsində “AgroLab” layihəsinin rəhbəri Nərgiz Süleymanova təqdimat edib, layihənin məqsəd və vəzifələri barədə iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, Aqrar İnkişaf Könüllüləri (AİK) tərəfindən 2018-ci ildən etibarən aqrar sahədə gənclərin fəallığının artırılması istiqamətində 200-dən çox layihə həyata keçirilib. Bu layihələrin əsas məqsədi gəncləri kənd təsərrüfatı sahəsinə cəlb etmək, aqrar sahədə kadr potensialının gücləndirilməsinə töhfə vermək, eləcə də innovativ texnika və texnologiyaların səmərəli istifadəsinə nail olmaqdır.