16 mart 2026 14:22
90

Peskov: Rusiya Ukrayna ilə bağlı növbəti üçtərəfli görüşü gözləyir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, ABŞ və Ukrayna arasında növbəti danışıqların yeri və vaxtı hələ müəyyən edilməyib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  o, Rusiya tərəfinin bu görüşü səbirsizliklə gözlədiyini, lakin ABŞ-ın bu gün başqa prioritetləri olduğunu başa düşdüyünü qeyd edib.

Kreml sözçüsü jurnalistlərə bildirib ki, "Rusiya tərəfinə gəldikdə isə, biz danışıqlar prosesini davam etdirməyə açığıq. Danışıqların növbəti mərhələsini səbirsizliklə gözləyirik. Təəssüf ki, məlum səbəblərə görə, yer və vaxt hələ razılaşdırılmayıb, lakin inanırıq ki, bu, yaxın gələcəkdə mümkün olacaq".

17-18 fevral tarixlərində Cenevrədə Ukraynadakı münaqişənin sona çatması ilə bağlı növbəti üçtərəfli danışıqlar keçirilib. Danışıqlar ərazi məsələləri, gələcək sülh müqaviləsində təhlükəsizlik parametrləri və hərbi əməliyyatların dayandırılmasının monitorinqi mövzularına yönəlib. Tərəflər danışıqları çətin, intensiv və məhsuldar adlandırıblar.