16 mart 2026 16:20
118

Gələcəkdə Azərbaycan-Avropa İttifaqı münasibətlərində daha böyük nailiyyətlərin əldə olunacağı gözlənilir - RƏY

Azərbaycan artıq uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfələr verir. Azərbaycanın dünya əhəmiyyətli, xüsusilə də qlobal enerji layihələri və bu layihələrin uğurla həyata keçirilməsi ölkəmizin dünyada daha etibarlı və dayanıqlı tərəfdaş olduğunu bir daha sübut edir. Xüsusilə son 5 ildə dünyada baş verən böyük müharibələr, qanlı toqquşmalar və qlobal təhlükəsizliyə yaranmış ciddi təhdidlər fonunda Azərbaycan öz yolu ilə uğurla irəliləyir, neft-qaz və enerji layihələrində çox ciddi nailiyyətlər əldə edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri politoloq Sahil Kərimli deyib.

O vurğulayıb ki, son dövrlərdə həm Rusiya–Ukrayna münaqişəsi, həm də ABŞ və İsrailin İranla hərbi toqquşması və bu müharibənin daha qlobal xarakter alması, o cümlədən münaqişəyə bir çox müsəlman ölkələrinin qoşulması fonunda Azərbaycanın Avropa İttifaqı ilə, xüsusilə də Avropanın enerji layihələrində yaxından iştirak etməsi ölkəmizin həm sülhə və təhlükəsizliyə verdiyi töhfə, həm də Avropanın enerji təhlükəsizliyinə göstərdiyi ciddi dəstəkdir. Təbii ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində rolu danılmazdır və bu baxımdan Avropa İttifaqı ilə əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər uzun illərə söykənən əməkdaşlığa əsaslanır. Bu münasibətlərdə həm siyasi, həm də xüsusilə iqtisadi və enerji layihələri üzrə əməkdaşlıq diqqəti cəlb edir.

“Son günlərdə Avropa İttifaqı Şurasının rəhbərinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü zamanı əldə olunan razılaşmalar və səsləndirilən mühüm bəyanatlar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin perspektivinin nə qədər önəmli və dərin olduğunu bir daha ortaya qoydu. Təsadüfi deyil ki, dövlətimizin başçısı görüşdən sonra Azərbaycanın Avropa İttifaqının və Avropa İttifaqının da Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olduğunu xüsusi vurğuladı. Bu bəyanat bir daha göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrə böyük önəm verir. Bu baxımdan Azərbaycanın Avropaya belə mühüm jestlər etməsi və Avropanın enerji təhlükəsizliyinə ciddi dəstək göstərməsi, təbii ki, Avropa İttifaqı ölkələri tərəfindən də müsbət qarşılanmalı və qarşılıq verilməlidir. Gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlərin və uğurların əldə olunacağı gözlənilir”, - deyə Sahil Kərimli qeyd edib.