16 mart 2026 20:20
101

Aİ İranda insan hüquqlarının pozulmasına görə 16 şəxsə və 3 quruma sanksiyalar tətbiq edib

Avropa İttifaqı İranda insan hüquqlarının ciddi pozuntularına görə əlavə 16 nəfərə və 3 quruma qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib.

“İki sahil” xəbər verir ki, yeni sanksiyalar 2026-cı ilin yanvarında İranda baş vermiş etirazların zorakılıqla yatırılmasında əsas rol oynadığı bildirilən şəxsləri və qurumları hədəf alıb.

Sanksiyalar çərçivəsində İranın daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini, həmçinin etirazların zorakılıqla dağıdılmasında iştirak etdiyi bildirilən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli bölmələrinin bir sıra komandirləri siyahıya daxil edilib.

Bundan başqa, Tehranda SEPAH və Bəsic qüvvələrinin fəaliyyətini əlaqələndirən Məhəmməd Rəsulullah Korpusu, eləcə də SEPAH-ın Xorasan-Rəzəvi vilayətində fəaliyyət göstərən İmam Rza bölməsi də sanksiya siyahısına əlavə olunub. Həmin bölgədə etirazların xüsusi amansızlıqa yatırıldığı qeyd edilib.

Ai, həmçinin dinc etirazçılara, vətəndaş cəmiyyəti və sosial fəallara – o cümlədən qadın hüquqları müdafiəçilərinə, jurnalistlərə və hakimiyyəti tənqid edən siyasi fəallara qarşı məhkəmə təqiblərində iştirak etmiş bəzi məhkəmə orqanı nümayəndələrini də sanksiyaya məruz qoyub.

Sanksiya siyahısına İranın Həbsxanalar və Təhlükəsizlik-Tərbiyə Tədbirləri Təşkilatının rəhbəri də daxil edilib. Onun rəhbərliyi dövründə İran həbsxanalarında işgəncə, qeyri-insani və alçaldıcı rəftar, azyaşlılara ölüm hökmünün tətbiqi, siyasi dissidentlərin və etnik-dini azlıqların nümayəndələrinin əsassız həbs edilməsi, fiziki zorakılıq və qadın məhbuslara qarşı cinsi zorakılıq kimi faktların sənədləşdirildiyi bildirilib.

Bundan əlavə, vətəndaşlara nəzarət üçün istifadə olunan “Nazer” mobil tətbiqinin hazırlanmasında iştirak edən şirkətə və internet senzurası, sosial media məzmununa nəzarət və rəqəmsal fəaliyyətlə bağlı vətəndaşların təqibində rol oynayan Tehran Kiber Polisinin rəhbərinə də sanksiyalar tətbiq olunub.

Beləliklə, İranda insan hüquqlarının ciddi pozuntularına görə Aİ-nin sanksiya rejimi çərçivəsində ümumilikdə 263 nəfər və 53 qurum məhdudiyyətlərə məruz qalıb. Siyahıya daxil edilən şəxslərin aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə onlara maliyyə və iqtisadi resurs təqdim etmək qadağan edilir. Bundan əlavə, həmin şəxslər üçün Aİ ərazisinə giriş və tranzit qadağası tətbiq olunur.