18 mart 2026 00:14
109

Uşaqları “ekran tələsi”ndən necə qorumalı?

Mütəxəssislərdən valideynlərə mühüm tövsiyələr

Ara tətili uşaqlar üçün istirahət və əyləncə imkanı kimi qiymətləndirilsə də, mütəxəssislər bu dövrdə valideynlərin düzgün yanaşmasının böyük əhəmiyyət daşıdığını bildiriblər. Xüsusilə tətil günlərində ekran qarşısında keçirilən vaxtın artması uşaqların sosial və zehni inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislər qeyd edirlər ki, ara tətil düzgün planlaşdırıldıqda uşaqlar üçün həm xoş xatirələr yaradan, həm də yeni məsuliyyətlər qazandıran faydalı bir dövrə çevrilə bilər.

Klinik psixoloq Enise Öziç ara tətili ilə bağlı valideynlərə bir sıra tövsiyələr verib. Onun sözlərinə görə, bu müddətdə doğru yanaşma sərgilənərsə, tətil uşaqlar üçün həm istirahət, həm də şəxsi inkişaf baxımından dəyərli bir fürsətə çevrilə bilər. Psixoloq xüsusilə ekran qarşısında keçirilən vaxtın məhdudlaşdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, müasir dövrdə ekranla təmas yaşı getdikcə azalır və uşaqlar əvvəlki illərlə müqayisədə daha uzun müddət ekran qarşısında qalırlar.

Öziçin sözlərinə görə, tətil dövrləri adətən uşaqların ekran qarşısında daha çox vaxt keçirdiyi mərhələdir və bu hal onların inkişafına mənfi təsir göstərə bilər: “Buna görə də tətil müddətində ekran qarşısında keçirilən vaxtın mümkün qədər azaldılması, hətta imkan daxilində minimum səviyyəyə endirilməsi tövsiyə olunur.”

Mütəxəssis qeyd edib ki, ekran istifadəsinə ehtiyac yarandıqda televizor, kompüter və internetdən istifadə müddəti mütləq nəzarətdə saxlanılmalıdır: “Bu zaman məhdudiyyətlər uşağın yaş dövrünə uyğun şəkildə müəyyən edilməlidir. Belə ki, 0-2 yaş arası uşaqların ekrana baxması ümumiyyətlə tövsiyə edilmir, 2-5 yaş arası uşaqlar üçün fasilələrlə gündə maksimum 1 saat, 5-10 yaş arası üçün 2 saat, 10 yaşdan yuxarı uşaqlar üçün isə fasilələrlə maksimum 3 saat ekran qarşısında vaxt keçirmək məqbul hesab olunur.”

Psixoloq valideynlərə tətil günlərinin ən azı bir və ya iki gününü “ekransız gün” kimi planlaşdırmağı da tövsiyə edir. Onun fikrincə, uşaqların televizor, telefon və ya planşeti “əyləncə vasitəsi” kimi görmələrinin qarşısı alınmalıdır.

Mütəxəssislər, həmçinin valideynlərə uşaqları ilə birlikdə daha çox açıq havada vaxt keçirməyi tövsiyə edirlər. Gəzintilər, pikniklər və yeni məkanların kəşfi uşaqlarda təbiətə marağın artmasına kömək edə bilər. Bununla yanaşı, muzey və incəsənət qalereyalarına səfərlər, müxtəlif yaradıcılıq fəaliyyətləri də uşaqların inkişafına müsbət təsir göstərir. Bundan əlavə, qeyd olunur ki, məktəb dövründə uzun müddət masa arxasında oturmağa məcbur qalan uşaqların fiziki aktivliyə ehtiyacı böyükdür. Buna görə də üzgüçülük, velosiped sürmək və digər idman fəaliyyətləri onların enerjisini sağlam şəkildə sərf etməsinə kömək edir. Mütəxəssislər eyni zamanda, valideynlərə uşaqları ilə birlikdə yemək hazırlamağı, yeni reseptlər sınamağı da tövsiyə edirlər. Bu cür fəaliyyətlər həm ailə üzvləri arasında ünsiyyəti gücləndirir, həm də uşaqların müxtəlif bacarıqlar qazanmasına şərait yaradır.

Şahnigar Əhmədova, “İki sahil”