17 mart 2026 22:37
98

ELM VƏ SƏNƏT YOLUNDA KEÇƏN ÖMÜR

ƏLİ QƏHRƏMANOV – 80

Təbiətin yenidən canlandığı, torpağın oyanıb nəfəs aldığı bahar fəslində dünyaya göz açan insanlar sanki özləri ilə birlikdə həyatın təzəliyini, ümidini və yaradıcı enerjisini gətirirlər. Baharın bu yeniləyici ruhu elə bil ki, sənətşünas alim Əli Qəhrəmanovun ömür yoluna da öz möhürünü vurub. Baharla başlanan bu ömürnamə Biçənək kəndində başlayıb. Bu kənd Naxçıvanın dağlar qoynunda gizlənmiş bir incisi kimidir – dağ mehi ilə ruhu dinləndirən, gözəlliyi ilə insanı ovsunlayan bir məkan... Burada səhərlər dağların sinəsindən süzülən duman sanki torpağa nazlı bir örtük kimi enir, günəş isə zirvələrdən boylanaraq kəndi işığa qərq edir. Saf bulaqları, başı qarlı zirvələri və yamyaşıl, güllü-çiçəkli yaylaqları ilə Biçənək təbiətin ən səxavətli toxunuşlarının cəmləndiyi bir yurd yeridir. Bu kənddə küləyin səsi belə başqa cürdür – o, sanki təbiətin füsunkar gözəlliyini insan ruhunun dərinliyinə pıçıldayır... Alimin bu kənddən başlayan həyat və yaradıcılıq yolu da bahar kimi daim yenilənən, axtarışlarla zəngin və məhsuldar bir elmi fəaliyyətə çevrilib.

Əli Qəhrəmanovun yaradıcılığı Azərbaycan teatr sənətinin, xüsusilə Naxçıvan teatr tarixinin araşdırılması və öyrənilməsi istiqamətində yeni səhifələr açmışdır. O, yarım əsrdən artıq davam edən elmi fəaliyyətində səhnə tarixini, onun inkişaf mərhələlərini və bədii xüsusiyyətlərini araşdıraraq milli teatrşünaslıq elminə mühüm töhfələr vermişdir. Əli Qəhrəmanov zəngin elmi irsi, sanballı tədqiqatları və Azərbaycan teatr tarixinin öyrənilməsindəki xidmətləri ilə elm və mədəniyyət tariximizdə özünəməxsus yer tutan ziyalılardandır.

Azərbaycan elmi və mədəni həyatında özünəməxsus yeri olan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və Teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun 80 illik yubiley yaşı tamam olur. Bu yubiley yalnız bir alimin həyatının növbəti mərhələsi deyil, həm də Azərbaycan teatrşünaslıq elminin inkişafına mühüm töhfələr vermiş bir tədqiqatçının zəngin yaradıcılıq yoluna nəzər salmaq üçün əlamətdar bir fürsətdir.

6 aprel 1946-cı ildə dünyaya göz açan Əli Qəhrəmanov ömrünü elmə, mədəniyyətə və milli teatr irsinin araşdırılmasına həsr etmiş ziyalılardandır. Onun həyat yolu Azərbaycan ziyalı ənənələrinin davamı kimi formalaşmış, zəhmət və yaradıcılıq axtarışları ilə zəngin bir elmi fəaliyyətə çevrilmişdir. O, 1970-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsini bitirmişdir. 1973-cü ildən etibarən o, Naxçıvan Regional Elm Mərkəzində əmək fəaliyyətinə başlamış və bundan sonrakı bütün həyatını elmi araşdırmalara həsr etmişdir. Onun elmi axtarışları sənətşünaslıq sahəsində sistemli tədqiqatlarla davam etmişdir. 1987-ci ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində yerləşən Sənətşünaslıq İnstitutunda “Naxçıvan teatrının inkişaf yolu və problemləri” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Bu müdafiə onun elmi fəaliyyətində mühüm mərhələ olmuş, teatr sənəti tarixinin və inkişaf xüsusiyyətlərinin araşdırılmasına yönəlmiş genişmiqyaslı tədqiqatların əsasını qoymuşdur.

Əli Qəhrəmanov yalnız nəzəri tədqiqatlarla məşğul olan alim kimi deyil, həm də teatr mühitinin canlı iştirakçısı kimi tanınır. O, muxtar respublikada fəaliyyət göstərən teatr kollektivləri ilə daim sıx əlaqə saxlamış, öz tövsiyə və məsləhətləri ilə onların yaradıcılıq fəaliyyətinə dəstək vermişdir. Bu xüsusiyyət onun elmi fəaliyyətinin praktik sənət mühiti ilə üzvi şəkildə bağlı olduğunu göstərir. Alimin yarım əsrdən artıq davam edən elmi yaradıcılığı, əsasən, qədim və zəngin ənənələrə malik olan Naxçıvan teatrının tarixi və inkişaf yollarının araşdırılmasına həsr olunmuşdur. O bu sahədə ardıcıl və sistemli tədqiqatlar apararaq Naxçıvan teatrının müxtəlif mərhələlərini elmi şəkildə təhlil etmiş, milli teatr tarixinin mühüm səhifələrini üzə çıxarmışdır. Ə.Qəhrəmanovun qələmə aldığı 10-dan artıq monoqrafiya və kitab, 200-dən artıq elmi, 150-dən artıq elmi-publisistik məqalə Azərbaycan teatrşünaslıq elminin dəyərli nümunələri kimi diqqəti cəlb edir. Onun “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı” (2004), “Naxçıvan teatrı: intibah yollarında (1883–1920)” (2008), “Naxçıvan teatrı müstəqillik illərində (1991–2008)” (2008), “Naxçıvan teatrının salnaməsi” (2010, həmmüəllif), “Hüseyn Cavid və Naxçıvan teatrı” (2017), “Naxçıvan teatrına dair tədqiqlər” (2017), “Təbriz teatrı və Böyükxan Naxçıvanski” (2019), “Naxçıvan teatrında rejissor sənəti” (2020), “Naxçıvan teatrı “Şərq qapısı” qəzetinin səhifələrində” (2022) və “Naxçıvan teatrında rəssam işi” (2025) adlı əsərləri Naxçıvan teatrının tarixini və inkişaf mərhələlərini sistemli şəkildə əks etdirən fundamental tədqiqatlar kimi dəyərləndirilir. Onun elmi fəaliyyətində mühüm hadisələrdən biri də “Naxçıvan teatrının salnaməsi (1883–2008)” adlı fundamental nəşrin hazırlanmasında həmmüəllif olmuşdur. Bu salnamə Azərbaycan mədəniyyət tarixinin öyrənilməsi baxımından əhəmiyyətli bir nəşr kimi elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, teatr tarixinin araşdırılması sahəsində mühüm mənbələrdən biri kimi qəbul edilmişdir. Əli Qəhrəmanovun elmi fəaliyyəti yalnız Naxçıvan teatrının deyil, bütövlükdə Azərbaycan teatr sənəti tarixinin öyrənilməsinə dəyərli töhfə vermişdir. Onun tədqiqatları milli teatr irsinin qorunması, araşdırılması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Uzun illər ərzində göstərdiyi səmərəli elmi fəaliyyət, zəngin yaradıcılıq irsi və yüksək mənəvi keyfiyyətləri ilə Əli Qəhrəmanov həmkarlarının böyük hörmət və rəğbətini qazanmışdır. O, səmimi və təvazökar insanlığı ilə çalışdığı kollektivdə xüsusi nüfuz sahibidir. O bu hörməti ömrünün müdrik çağında deyil, uzun illər əvvəl qazanıb. Onunla bağlı xatirələrim isə yaddaşımda ən işıqlı səhifələr kimi canlanır:

... Mən 1997-ci ildə Naxçıvan Regional Elm Mərkəzində işə başlayanda Əli müəllim Ədəbiyyat və İncəsənət şöbəsinin müdiri idi. Asta danışığı, həlim xasiyyəti, nəsihətamiz məsləhətləri bizim kimi gənclərin ümidinə çevrilmişdi. O, təmkinlə, səbirlə bizə tədqiqatçılığın sirlərini öyrədir, dəyərli məsləhətlərini verirdi. Biz çox şeyi ondan öyrəndik: elmi-tədqiqat işi, hesabat necə hazırlanır, plan necə tutulur və s. Əli müəllimi mən tanıyanda bizim indiki yaşımızda idi, amma onun təmkini, ağıryanalığı, ailəcanlılığı, dosta, iş yoldaşına qayğısı onu yaşından çox müdrik göstərirdi. Bu ötən illər Əli müəllimin xarakterini heç dəyişmədi. İllər keçdi, zaman dəyişdi, amma Əli müəllimin xarakteri, əksinə, daha da saflaşdı, daha da sadələşdi. Mənə iş mühitində çox şeyi öyrədən, 5 ildən artıq şöbə müdirim olan alim, bəzən yeni texnologiyalarla bağlı bir məsələ yarananda otağıma daxil olub asta səslə: “Ay mənim müəllimim, yenə sənə işim düşüb...” – deyir. Mən isə hər dəfə eyni hörmətlə cavab verirəm: “Əli müəllim, bizə çox şeyi siz öyrətmisiniz, siz müəllimlərin müəllimisiniz...”. Bu dialoq sadəcə söz deyil, bir nəslin digər nəslə duyduğu ehtiramın, təvəzökar münasibətin ən gözəl ifadəsidir. Yaşının irəliləməsinə baxmayaraq, yeniliklərə açıq olması da onun xarakterinin mühüm cəhətlərindəndir. Yaxşı xatırlayıram: 20 il əvvəl əməkdaşlara kompüter dəsti veriləndə o, gənclərdən tez mənimsədi. Əli müəllim eyni dinamika ilə çalışır: hamıdan tez işə gəlir, hamıdan sonra işdən çıxır, yazıb-yaradır... Dövri mətbuatda Naxçıvan teatr mühitini tanıdan,  yorulmadan işıqlandıran alim ömrünü bu fədakar xidmətə həsr edib.

Nümunəvi alim ömrünün arxasında bir də nümunəvi el ağsaqqalı, ailə başçısı statusu dayanır. Əli müəllim qayğıkeş ata, ailəcanlı baba və nəcib ömür-gün yoldaşıdır. Əli müəllim nəvə və nəticələri ilə nəfəs alır. Onu tanıyan hamı bilir ki, Əli müəllimin ailəsində dəmir nizam-intizam var, bineyi-qədimdən formalaşan ailə dəyərləri onun ailəsinin timsalında qorunur: ailədə birlik olmalıdır, evin büdcəsi bir əldən idarə olunmalıdır və s. kimi qanunlar maddi dəyərlərin mənəvi dəyərləri üstələdiyi, ailələrin “müasirlik” adı altında pərən-pərən olduğu bir zamanda Əli müəllim və Sona xanım o dəyərləri qoruya bilib. Mən tanıyanda iki oğlu və iki qızı olan ailə, indi qollu-budaqlı çinarı xatırladır. O evdə 7 nəvə, 2 nəticə var. Əli müəllim müqəddəs ailə dəyərlərimizi öyüd-nəsihəti və şəxsi nümunəsi ilə gənclərə ötürür. 

Yubileylər yaşanmış ömran hesabatıdır. Əli müəllim bu hesabatı öz elmi fəaliyyəti, ağsaqqalığı və yaşam tərzi ilə yüksək səviyyədə ictimai mühitə təqdim edib.

Biz də bundan sonra 80 illik yubileyini qeyd edən sənətşünas alimə uzun ömür, möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayırıq. Onun zəngin elmi irsi Azərbaycan mədəniyyətinin və teatr tarixinin öyrənilməsi sahəsində gələcək tədqiqatçılar üçün dəyərli bir mənbə olaraq qalacaqdır.

Əziz Əli müəllim, yubiley yaşınız mübarək!!

Zülfiyyə İsmayıl,
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi