Yeni elmi araşdırma süni intellekt tərəfindən tərtib edilən qidalanma planlarının xüsusilə yeniyetmələr üçün sağlamlıq baxımından ciddi risklər daşıya biləcəyini ortaya qoyub. Tədqiqatın nəticələri “Frontiers in Nutrition” beynəlxalq elmi jurnalında dərc olunub.
Araşdırma qidalanma və dietologiya sahəsi üzrə türkiyəli mütəxəssislər Ayşe Betül Demirbaş Bilen və Gülen Ecem Kalkan tərəfindən həyata keçirilib. “Artificial Intelligence Diet Plans Underestimate Nutrient Intake Compared to Dietitians in Adolescents” adlı tədqiqatda süni intellekt sistemlərinin hazırladığı pəhrizlər ilə mütəxəssis dietoloqlar tərəfindən elmi qaydalara əsasən hazırlanmış qidalanma planları müqayisə edilib. Tədqiqat çərçivəsində 4 standart yeniyetmə profili üzrə 5 fərqli süni intellekt modeli tərəfindən ümumilikdə 60 üçgünlük pəhriz planı hazırlanıb. Bu planlar dietoloqların hazırladıqları referans pəhrizlərlə müqayisə olunaraq enerji, makro və mikro qida maddələri baxımından analiz edilib. Nəticələr göstərib ki, süni intellekt tərəfindən tərtib edilən pəhrizlər yeniyetmələrin gündəlik enerji ehtiyacını orta hesabla təxminən 700 kilokalori daha az hesablayır. Bununla yanaşı, qida tərkibində də balans pozuntuları müşahidə olunub. Belə ki, karbohidrat miqdarı azalıb, zülal və yağ nisbəti isə artıb.
Mütəxəssislər bildiriblər ki, bu cür uyğunsuzluqlar yalnız makro deyil, mikro qida maddələri səviyyəsində də müşahidə olunur və bu, klinik baxımdan əhəmiyyətli hesab edilir. Xüsusilə yeniyetməlik dövrünün sürətli böyümə və inkişaf mərhələsi olduğu nəzərə alınarsa, balanssız qidalanma uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.
Araşdırma müəllifləri vurğulayıblar ki, süni intellekt əsaslı pəhriz tövsiyələri geniş yayılmağa başlasa da, bu sistemlərin hər bir insanın fərdi ehtiyaclarını tam və düzgün qiymətləndirmə qabiliyyəti hələ kifayət qədər etibarlı deyil. Bu səbəbdən, xüsusilə uşaqlar və yeniyetmələr üçün qidalanma planlarının mütləq ixtisaslı mütəxəssislər tərəfindən hazırlanması tövsiyə olunur.
Şahnigar Əhmədova, “İki sahil”