20 mart 2026 13:00
91

Qazaxıstanlı tədqiqatçı AXC-nin 1918-ci ilə aid dövlət möhürünü aşkar edib

IX–XX əsrlərə aid türk ölkələrinin Avropa və ABŞ-da saxlanılan kartoqrafik arxiv materiallarının tədqiqi zamanı qazaxıstanlı tədqiqatçı Muhit-Ardager Sıdıqnazarov Azərbaycan Xalq Cümhuriyyətinin (1918–1920-ci illər) dövlət möhürünün izini aşkar edib. Möhürün izi AXC parlamentinin sədri və Paris Sülh Konfransında onun sülh nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun məktublarında, həmçinin kartoqrafik materiallara əlavə olunmuş müşayiətedici sənədlərdə yer alıb.

“İki sahil” xəbər verir ki, bu barədə tədqiqatçı sosial şəbəkədəki paylaşımında məlumat verib.

Möhürün üzərində dövlətin rəsmi adı fransız dilində “République D’Azerbaïdjan” kimi göstərilib. Bu tapıntının yüksək elmi dəyəri var. Belə ki, dövlət möhürü suveren hakimiyyətin əsas atributu kimi XX əsrin əvvəllərində Azərbaycan dövlətçiliyinin institusional formalaşması tarixinin öyrənilməsi üçün mühüm mənbədir.

Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunub.