ABŞ-nin "Sierra Nevada" şirkətinin hazırladığı AEGIR insansız dəniz vasitəsi (İDV) Ordunun Ünye qəsəbəsində sahilə çıxıb.
“İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Ordunun Ünye qəsəbəsində mülki vətəndaşlar sahilə çıxmış bu vasitə ilə qarşılaşaraq səlahiyyətlilərə xəbər veriblər.
Bildirilib ki, İDV aidiyyəti qurumların aparacağı araşdırmadan sonra 2 mil (3218 metr - red.) açıqda məhv ediləcək.
Qeyd edilib ki, təxminən 10 metr uzunluğundakı AEGIR-W maksimum 900 kilometr məsafəyə malikdir və 25+ düyün sürətə çata bilir. Avtonom olaraq tapşırıq icra edə bilən İDV-nin faydalı yük tutumu isə 300 kiloqramdır.
Sözügedən İDV-ni Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi, hansısa bir səbəbdən sürüklənərək Türkiyə sahillərinə çatdığı qiymətləndirilir. Daha əvvəl də partlayıcı yüklü bir çox Ukrayna insansız dəniz vasitəsi sürüklənərək Türkiyə sahillərinə çıxmışdı. İDV-ləri Dəniz Qüvvələri Komandanlığının SAS bölmələri məhv edir.