21 mart 2026 22:55
101

"Daily Nigerian": ABŞ Nigeriyaya 200 hərbçi göndərib

ABŞ Nigeriyanın şimal-şərqində kəşfiyyat məlumatlarının toplanmasını gücləndirmək və yerli qüvvələri antiterror əməliyyatlarına hazırlamaq üçün ölkəyə dronlar və təxminən 200 hərbçi göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Daily Nigerian" təhlükəsizlik xidmətlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, qərar Nigeriya hökumətinin müraciəti əsasında qəbul edilib. Nigeriyaya göndərilən dronlar arasında "MQ-9 Reaper" kəşfiyyat dronları da var. Məqsəd Çad gölü ətrafında fəallaşan ekstremist qruplaşmalara qarşı mübarizəni gücləndirməkdir.

Amerikalı hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək, əsasən müşahidə və kəşfiyyatla məşğul olacaqlar. Müşahidəçilər qeyd edirlər ki, ABŞ Nigeriyanın şimal-şərqində kəşfiyyat dronları üçün baza yaratmağı planlaşdırır. Söhbət əsasən "Boko Haram" və "Qərbi Afrika İslam Dövləti" qruplaşmalarına qarşı mübarizədən gedir.

Qeyd edək ki, fevralın 16-da terrorla mübarizədə iştirak etmək üçün ABŞ-dən olan 100 nəfərlik hərbçi qrupu Nigeriyaya gedib.