Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında yayımladığı axşam videomüraciətində məlumat verib.
O bildirib ki, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dadır və ilk görüş baş tutub. ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Vitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir. “Komandalar sabah ünsiyyəti davam etdirəcəklər”, – deyə Zelenski qeyd edib.
Bir gün əvvəl Zelenski bildirmişdi ki, səfər çərçivəsində Ukrayna nümayəndə heyəti ABŞ və Rusiya ilə planlaşdırılan üçtərəfli görüşün daha dəqiq tarixlərini müəyyənləşdirməyə çalışır.
Prezident vurğulayıb ki, Ukrayna ABŞ-la sıx dialoqu vacib hesab edir. O, xüsusilə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı risklərə diqqət çəkib.
Zelenskinin sözlərinə görə, tərəflər münaqişənin başa çatdırılması, təhlükəsizlik zəmanətlərinin təmin edilməsi və Ukraynanın bərpası istiqamətində sənədlər üzərində işi davam etdirirlər.