Almaniyada aptek işçiləri yüksək ödəniş tələbi ilə ümummilli etiraz aksiyası keçirirlər. Aksiya çərçivəsində ölkənin bir çox bölgəsində apteklərin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, Berlin, Münxen, Düsseldorf və Hannover şəhərlərində etiraz aksiyaları təşkil olunur. Bununla yanaşı, dərman təminatının fasiləsizliyi məqsədilə növbətçi apteklər fəaliyyətini davam etdirir. Aptek sektorunun nümayəndələri uzun müddətdir artırılmayan xidmət haqlarının yüksəldilməsini tələb edirlər. Onların əsas tələbi hər dərman qablaşdırmasına görə müəyyən edilmiş sabit ödənişin 8,35 avrodan 9,50 avroya çatdırılmasıdır. Bu məsələ hakim koalisiya tərəfindən əvvəlcədən razılaşdırılsa da, məsələnin icrası qanuni tibbi sığorta fondlarının maliyyə vəziyyəti ilə əlaqədar təxirə salınmışdı. Almaniyanın səhiyyə naziri bu artımın yaxın vaxtlarda həyata keçirilməsi üçün müvafiq addımların atılacağını bildirib.
Ümumiyyətlə, ölkədə apteklərin sayında son illərdə azalma müşahidə olunur. Rəsmi məlumatlara əsasən, 2025-ci ilin sonuna, Almaniyada 16 min 601 aptek fəaliyyət göstərib. Bu, əvvəlki illə müqayisədə 440 vahid azdır.