Qara dənizin təhlükəsizliyi sülh və regional təchizat üçün vacibdir.
“İki sahil” MOLDPRES-ə istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kişineuda Qara dənizin təhlükəsizliyinə dair keçirilən konfransda bildirib. O qeyd edib ki, Qara dəniz bölgəsində sabitlik onların rifahı və regional ərzaq təhlükəsizliyi üçün vacibdir. “Hər şey təhlükəsizlikdən başlayır”, - deyən nazir Rusiya-Ukrayna müharibəsinin ərzaq təhlükəsizliyinə təsir etdiyini və işğal olunmuş ərazilərdə taxılın müsadirəsinin, limanlara hücumların nəticələrinin dünya miqyasında hiss olunduğunu xatırladıb. Sibiqa, həmçinin regional əməkdaşlığın rolunu vurğulayaraq deyib: "Türkiyə, Rumıniya, Moldova və Bolqarıstan Qara dənizin təhlükəsizliyinin təmin edilməsində əsas rol oynaya bilər". “Ukrayna və Moldovanın gələcəyi, Qara dəniz infrastrukturunun inkişafı regionun iqtisadi və strateji potensialı üçün vacibdir. Lakin bütün bunlar beynəlxalq tərəfdaşların təhlükəsizliyindən və qətiyyətli hərəkətlərindən asılıdır”, - deyə Ukraynanın xarici işlər naziri diqqətə çatdırıb.
A.Sibiqa yekun olaraq bildirib ki, Qara dənizin təhlükəsizliyi Avropa və bütün beynəlxalq ictimaiyyət üçün prioritetdir.