25 mart 2026 20:12
98

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-nun mənzil-qərargahında keçirilən Qlobal Təhsil Koalisiyasının 6-cı iclasında iştirak edib.

“İki sahil” xəbər verir ki,  tədbir çərçivəsində Həsən Həsənli “Təhsildə rəqəmsal transformasiyanın təsiri imkanları” adlı nazirlər panelində çıxış edib. Nazir müavini “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində son illərdə əldə olunmuş nəticələr, rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər və süni intellekt həllərinin təhsil sisteminə inteqrasiyası istiqamətində atılan addımlar barədə məlumat verib.

Qeyd edək ki, Qlobal Təhsil Koalisiyası ilk dəfə 2020-ci ildə COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərinin azaldılması məqsədilə yaradılıb, daha sonra isə fövqəladə hallarda təhsilin davamlılığının təmin olunması və təhsil sistemlərinin transformasiyasının dəstəklənməsi istiqamətində fəaliyyətini genişləndirib. Hazırda 112 ölkədə fəaliyyət göstərən Koalisiya vətəndaş cəmiyyəti institutları, akademik dairələr və özəl sektor daxil olmaqla 220-dən çox institusional tərəfdaşı bir araya gətirir.

2021-ci ildə Azərbaycan Respublikası UNESCO-nun Qlobal Təhsil Koalisiyasına maliyyə töhfəsi verib və onun əsas donorlarından biridir.