Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə UNESCO-nun Mənzil Qərargahında İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Dövlətlərin Onuncu Konfransı (COP10) Bürosunun birinci rəsmi iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
İclasda UNESCO-nun Baş direktorunun müavini (ADG) Lidiya Brito, müxtəlif coğrafi regionları təmsil edən üzvlər, UNESCO yanında akkreditə olunmuş daimi nümayəndəliklər, beynəlxalq təşkilatların nümayəndələri və antidopinq sahəsində fəaliyyət göstərən ekspertlər iştirak ediblər. Həmçinin ilk dəfə olaraq müşahidəçi dövlətlər də iclasda iştirak ediblər.
Gündəlikdə COP10-da qəbul edilən qərarların icrası, büronun növbəti iki il (2026–2027-ci illər) üzrə fəaliyyət planı, qlobal yazılı məsləhətləşmələrin nəticələri və digər mühüm məsələlər müzakirə olunub.
Büronun ilk rəsmi iclasından əvvəl Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov 26 mart 2026-cı il tarixində "İdmanda dopinqin kökünün kəsilməsi fondunun" Təsdiq Komitəsinin ikinci rəsmi iclasında büronu təmsil edib.
Qeyd edək ki, Fərid Qayıbov həmçinin büroda təmsil etdiyi II Qrupun (Mərkəzi və Şərqi Avropa) nümayəndələri ilə görüş keçirib. Görüş zamanı COP10 Bürosunun fəaliyyəti və iclasda təqdim olunacaq təkliflər barədə məlumat verilib, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nazirin Rusiyanın idman naziri Mixail Deqtyarev ilə ikitərəfli görüşü baş tutub.