27 mart 2026 18:21
125

İstanbulda Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin təşkilatçılığı ilə İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Bildirilib ki, sammit qlobal miqyasda baş verən geosiyasi və kommunikasiya transformasiyaları fonunda strateji kommunikasiya sahəsində aktual çağırışların müzakirəsi üçün mühüm platforma rolunu oynayır.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, strateji kommunikasiya sahəsi üzrə məsul şəxslər, qabaqcıl mütəxəssislər və akademik dairələrin təmsilçiləri iştirak edirlər.

“Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” mövzusunda panel sessiyada çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, rəqəmsal kommunikasiya mühitində ictimai rəy qlobal və dinamik xarakter alaraq həm yeni imkanlar, həm də dezinformasiya və etimad böhranı kimi neqativ nəticələr yaratmışdır. Bu proseslərin effektiv idarə olunması üçün media savadlılığının artırılması, yerli kontentin təşviqi, texnoloji həllərin tətbiqi və institusional əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan Əhməd İsmayılov bildirib ki, strateji kommunikasiyanın proaktiv əsasda qurulması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dayanıqlı və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, 27-28 mart tarixlərini əhatə edən sammit çərçivəsində keçirilən panel müzakirələrdə müasir kommunikasiya mühitində narrativlərin rolu, qlobal informasiya axınının dinamikası, rəqəmsal texnologiyaların təsiri və böhran dövrlərində informasiya idarəçiliyinin əhəmiyyəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparılır.