Qlobal səviyyədə aparılan və 13 min rəyin təhlilinə əsaslanan araşdırmaya görə, turistlərə qarşı ən çox oğurluq hadisələrinin qeydə alındığı şəhərlər siyahısında Paris, Roma və Barselona ilk üçlükdə yer alır.
“İki sahil” xəbər verir ki, bu məlumatlar İspaniyada fəaliyyət göstərən “El Caso” nəşri tərəfindən təqdim edilib.
Reytinqə əsasən, 16,5% göstərici ilə Fransanın paytaxtı Paris birinci pillədə qərarlaşıb. İtaliyanın paytaxtı Roma istifadəçi rəylərinə görə 10,7% göstərici ilə ikinci, İspaniyanın Barselona şəhəri isə 5,3% ilə üçüncü yerdədir.
Məqalədə qeyd olunur ki, Barselona turistlərin qarət olunması baxımından qlobal mərkəzlərdən biri kimi mövqeyini getdikcə möhkəmləndirir.
Araşdırma çərçivəsində 2024-cü ilin oktyabrından 2025-ci ilin noyabrına qədər yazılmış rəylər analiz edilib. Təhlil zamanı səyahətçilərin şərhlərində yer alan “cibgirlik”, “oğurluq” və “fırıldaqçılıq” kimi açar ifadələrə xüsusi diqqət yetirilib.