28 mart 2026 14:58
100

Dunhuanq konfransında Azərbaycan-Çin mədəni əlaqələrindən danışılıb

Çinin Dunhuanq şəhərində “Dunhuanq mədəniyyəti, bambuk yazıları və Çin mədəniyyətinin beynəlxalq aləmdə yayılması” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, 6 ölkədən 100-dən çox iştirakçının qatıldığı konfransda Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyev Azərbaycan–Çin mədəni əlaqələrinə həsr olunmuş baş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, 2025-ci ilin aprelində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə arasında mədəni əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcını qoyub. İpək Yolu üzərində yerləşən bu iki qədim ölkə arasında tarixi əlaqələr daim Azərbaycan alim və mütəfəkkirlərinin diqqət mərkəzində olub. İpək Yolunun mühüm mərkəzlərindən biri olan Dunhuanq tarix boyu bu marşrut üzərində yerləşən ölkələr arasında mədəni dialoqun formalaşmasında xüsusi rol oynayıb, bu missiyanı hazırda da uğurla davam etdirir.

Məruzəçi mədəni əlaqələrin inkişafında qarşılıqlı tərcümənin əhəmiyyətini vurğulayaraq, hazırda Azərbaycan və Çin arasında bu sahədə əməkdaşlığın vəziyyətini təhlil edib.

Aqşin Əliyev, həmçinin iki ölkə arasında mədəni təmasların gücləndirilməsində Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib, Fondun təşəbbüsü ilə 2019-cu ildən həyata keçirilən Çin dilinin distant tədrisi layihəsi və onun nəticələri barədə ətraflı məlumat verib.