30 mart 2026 13:48
175

31 Mart Soyqırımı: tarixi həqiqətlər və unudulmayan faciə

Tariximizin ən faciəli və qanlı səhifələrindən biri sayılan 31 Mart – Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz buraxmışdır. XX əsrin əvvəllərində baş vermiş bu dəhşətli hadisələr zamanı minlərlə günahsız insan amansızcasına qətlə yetirilmiş, şəhər və kəndlər viran qoyulmuş, milli-mədəni irsimizə ağır zərbə vurulmuşdur. 

Bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri kimi qiymətləndirilən soyqırımı, bütün dövrlərdə sülhə və insanlığa qarşı yönəlmiş ən qəddar əməllərdən hesab olunur. Soyqırımı anlayışı Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada öz əksini tapmışdır. Həmin sənədə əsasən, soyqırımı milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. Tarixi faktlar göstərir ki, Azərbaycan xalqı belə ağır cinayətlərlə dəfələrlə üzləşmişdir. Bunun başlıca səbəblərindən biri isə ermənilər tərəfindən irəli sürülən əsassız “Böyük Ermənistan” ideyasının həyata keçirilməsi cəhdləri olmuş, bu isə azərbaycanlılara qarşı kütləvi qırğınlar və soyqırımı aktları ilə nəticələnmişdir.

XVIII əsrdən başlayaraq tarixi Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər, uydurma “Böyük Ermənistan” planını reallaşdırmaq məqsədilə yerli azərbaycanlı əhaliyə qarşı sistemli şəkildə zorakılıq siyasəti yürütmüş, onları doğma torpaqlarından sıxışdırıb çıxarmağa çalışmışdır. Nəticədə, minlərlə günahsız insan planlı şəkildə həyata keçirilən qətliamların qurbanına çevrilmişdir. Xalqımıza qarşı soyqırımı siyasəti, kütləvi deportasiyalar, yaşayış məntəqələrinin dağıdılması və tarixi toponimlərin dəyişdirilməsi prosesi XX əsr boyunca da davam etmişdir.
Bununla belə, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.
1918-ci ildə Şamaxı ərazisində erməni silahlı dəstələrinin törətdiyi qətliamlar bu günədək tam və hərtərəfli şəkildə araşdırılmamışdır. Sovet hakimiyyəti illərində bu cinayətlərin gizlədilməsi məqsədilə bir çox ilkin mənbələrin məhv edilməsi hadisələrin bütün təfərrüatlarının üzə çıxarılmasını çətinləşdirmişdir. Tədqiqatçıların hesablamalarına əsasən, Şamaxıda 7 minə yaxın insan, o cümlədən 1653 qadın və 965 uşaq xüsusi amansızlıqla qətlə yetirilmişdir. 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyasının araşdırmaları göstərir ki, Şamaxı qəzasında mövcud olan 120 kənddən 86-sı erməni silahlı qüvvələrinin hücumlarına məruz qalmışdır.
XX əsrin 90-cı illərindən etibarən yerli alim və tədqiqatçılar da Şamaxı hadisələrinə dair geniş araşdırmalar aparmışlar. Təxminən yüzə yaxın şahidin ifadələri əsasında müəyyən edilmişdir ki, erməni silahlı birləşmələri Şamaxı şəhərində 14–16 min nəfəri, onun 40 kənd və obasında isə 6–8 min insanı qəddarcasına qətlə yetirmişdir. Bundan əlavə, 18 mindən artıq insan öz doğma yurdlarını tərk etməyə məcbur olaraq didərgin düşmüşdür.
1918-ci ildə Quba şəhərində və ətraf bölgələrdə erməni-bolşevik silahlı dəstələrinin törətdiyi qırğınlar zamanı 2900-dən çox dinc sakin öldürülmüşdür. Ümumilikdə isə Quba qəzasında 4000-dən artıq insan həyatını itirmiş, 122 kənd tamamilə məhv edilmiş, 2750-dən çox ev yandırılaraq dağıdılmışdır.
Qubada aşkar edilən kütləvi məzarlıqlar bu faciələrin miqyasını və törədilən vəhşiliyin dərəcəsini açıq şəkildə nümayiş etdirir. Tapılan insan qalıqlarında güllə izlərinin olmaması onların əsasən küt alətlərlə – balta və xəncərlərlə qətlə yetirildiyini göstərir. Bəzi sümüklərdə müşahidə edilən mismar izləri isə insanların xüsusi işgəncə ilə öldürüldüyünü sübut edir. 
1917-ci ilin noyabrında Oktyabr inqilabı nəticəsində Rusiyada baş verən dövlət çevrilişindən sonra Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən erməni silahlı dəstələri türklərə və azərbaycanlılara qarşı genişmiqyaslı qırğınlar həyata keçirməyə başlamışdırlar. Bu hadisələr xüsusilə İrəvan quberniyası ərazisində daha geniş vüsət almışdır.
1918-ci ilin əvvəlindən etibarən erməni silahlı birləşmələri İrəvan qəzasında 32, Eçmiədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi dağıdaraq ümumilikdə 198 yaşayış məntəqəsini məhv etmiş, minlərlə dinc azərbaycanlını qətlə yetirmişdir. Azərbaycanlı əhalinin öz tarixi torpaqlarından zorla çıxarılması və kütləvi şəkildə məhv edilməsi İrəvanda qurulmuş erməni hakimiyyətinin planlı və məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi idi. 1920-ci ilə qədər davam edən bu qətliamlar nəticəsində İrəvan quberniyasındakı azərbaycanlı əhali ya fiziki olaraq məhv edilmiş, ya da doğma yurdlarından didərgin salınmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bu faciələrin unudulmaması və dünya ictimaiyyətinə çatdırılması məqsədilə Ümumilli Liderimiz Heydər Əliyev 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Həmin sənədə əsasən, 31 mart tarixi rəsmi şəkildə “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunmağa başlanmışdır.
Bundan əlavə, Fərmanın icrasını daha sistemli və məqsədyönlü şəkildə təmin etmək üçün 30 mart 1999-cu ildə Heydər Əliyev tərəfindən xüsusi tədbirlər planı təsdiqlənmişdir. Bu plana uyğun olaraq, elmi-tədqiqat işləri genişləndirilmiş, yeni tarixi faktlar üzə çıxarılmış, beynəlxalq təşkilatlarla əməkdaşlıq gücləndirilmiş və faciənin dünya miqyasında tanıdılması istiqamətində mühüm addımlar atılmışdır.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanması bu istiqamətdə elmi-tədqiqat fəaliyyətlərinə yeni təkan verdi. Tarixi mənbələr sistemli şəkildə toplanaraq təhlil edildi, müxtəlif elmi və publisistik əsərlər qələmə alındı, həmçinin mövzuya dair materiallar xarici dillərə tərcümə olunaraq beynəlxalq ictimaiyyətə təqdim edildi.
2007-ci ilin aprel ayında Quba şəhər stadionunda aparılan təmir və qazıntı işləri zamanı kütləvi məzarlıq üzə çıxarıldı. Aparılmış tibbi ekspertiza və antropoloji araşdırmalar nəticəsində 500-dən artıq insan kəlləsi müəyyən edildi ki, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara aid idi. Elmi nəticələr bu insanların 1918-ci ildə Qubada törədilmiş soyqırımının qurbanları olduğunu təsdiqlədi.
Bu tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılması, milli yaddaşın qorunması və qurbanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu ildə xüsusi Sərəncam imzalayaraq Qubada “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə qərar verdi.
Memorial kompleks 2012–2013-cü illərdə Quba şəhərində, Qudyalçayın sol sahilində inşa olunmuş və 18 sentyabr 2013-cü ildə istifadəyə verilmişdir. Ümumi sahəsi 3,5 hektar olan bu kompleks beş hissədən ibarətdir.
Dövlətimiz ermənilərin törətdiyi bu cinayətləri siyasi müstəvidə də dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışı zamanı çıxışında bu hadisələrin dərindən öyrənilməsinin vacibliyini xüsusi vurğulamışdır. O qeyd etmişdir ki, 1918-ci ilin mart–iyul aylarında erməni silahlı dəstələri Azərbaycanın demək olar ki, bütün bölgələrində dinc əhaliyə qarşı kütləvi qırğınlar törətmiş, qısa müddət ərzində on minlərlə insan bu faciələrin qurbanına çevrilmişdir.
Bu fikirlər bir daha sübut edir ki, Azərbaycan dövləti tarixi həqiqətlərin unudulmaması, onların beynəlxalq aləmdə tanıdılması və gələcək nəsillərə çatdırılması istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Bu baxımdan, 18 yanvar 2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam xüsusi əhəmiyyət kəsb edir.
1918-ci ildə erməni-bolşevik silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi bu faciələr tariximizdə dərin iz buraxmışdır. Bu hadisələrin araşdırılması, yeni faktların üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması dövlətimizin prioritet istiqamətlərindən biridir. 
Bu tarixi faktların gələcək nəsillərə ötürülməsi və beynəlxalq səviyyədə tanıdılması hər bir azərbaycanlının üzərinə düşən mühüm vəzifələrdəndir. Soyqırımı qurbanlarının xatirəsi daim ehtiramla yad edilməli, belə faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaş qorunmalıdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu qələbədən sonra azad olunmuş ərazilərə xarici diplomatların, beynəlxalq təşkilat nümayəndələrinin və digər qonaqların səfərlərinin təşkili erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması üçün yeni imkanlar açmışdır. Dövlətimiz bu imkanlardan səmərəli istifadə edərək, törədilmiş cinayətlərə beynəlxalq hüquqi və siyasi qiymətin verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Ziyafət ƏSGƏROV,
Azərbaycan Respublikası  Milli Məclisinin Sədr müavini