31 mart 2026 10:32
113

Məzahir Əfəndiyevin 31 mart Azərbaycanlıların Soyqırımı  ilə bağlı məqaləsi Avropa mətbuatında dərc olunub

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa mətbuatında, Avropa İttifaqının 27 ölkəsində yayımlanan tanınmış informasiya portalı – EU Reporter–da “The nations of the world oppose genocides: 31 March - Day of genocide of Azerbaijanis” adlı məqaləsi dərc olunub.

“İki sahil” xəbər verir ki, məqalədə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırım aktları ilə dolu səhifələrin də yazıldığı, xalqımızın tarixinin bütün mərhələlərində öz torpağını, dövlətini və dövlətçiliyini qorumaq üçün hər zaman əzab-əziyyətə məruz qaldığı və bu dəhşətli hadisələrdən birinin  də 1918-ci ilin mart-aprel aylarında yaşanan, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlar olduğu vurğulanıb.

Deputat qeyd edib ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Belə ki, ümumilikdə 30 mindən çox azərbaycanlı qətlə yetirildi, 10 minlərlə insan öz torpaqlarından qovuldu, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar da bu soyqırımın qurbanı oldular.

Eyni zamanda, M.Əfəndiyev Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandığını, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlərin bir-bir açıldığını, xalqımızın tarixinin əbədi yaşaması üçün əməli tədbirlərin həyata keçirildiyini qeyd edib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Ulu öndər Heydər Əliyev həmin tarixi Fərmanında ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri diqqətə çatdırılır. Habelə, həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Ümummilli Liderin vurğuladığı kimi, “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”

Millət vəkili, həmçinin, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əsası qoyulan uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün ləyaqətlə davam etdirildiyini diqqətə çatdıraraq, ölkə başçısının 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərarını xüsusi vurğulayıb.

Yazıda beynəlxalq hüququn norma və prinsiplərinə toxunularaq qeyd olunur ki, BMT-nin 9 dekabr 1948-ci il tarixində “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” qəbul ounan Konvensiyasına əsasən milli, etnik, irqi qrupları tam və ya qismən məhv etmə niyyəti ilə törədilən hərəkətlər beynəlxalq hüquqa görə cinayət sayılır. Lakin, 31 mart soyqırımı bəşəriyyət tarixində bir cinayət, faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir.

Sonda, bu gün dünya siyasi arxitekturasının yeniləndiyi bir dövrdə Azərbaycanın uğurla öz sülhsevər missiyasını həyata keçirdiyi, ölkəmizin müstəqilliyini, bərpa etdiyi suverenliyi və ərazi bütövlüyünü qoruduğu, doğma Qarabağımızda türkdilli dövlətlərin, digər tərəfdaş ölkələrin yardımı ilə müasir çağırışları tətbiq edərək sürətlə yenidənqurma işləri aparmaqla, Cənubi Qafqazda sülh, əmin-amanlıq, təhlükəsizliyi təmin etdiyi qeyd olunur.

Həmin məqalə ilə Məzahir Əfəndiyevin X platforması üzərindən (https://x.com/MezahirEfendi/status/2038491004781912259?s=20)  və aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://www.eureporter.co/azerbaijan/2026/03/27/the-nations-of-the-world-oppose-genocides-march-31-day-of-genocide-of-azerbaijanis/