31 mart 2026 11:41
105

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü: tarixin qanlı həqiqətləri və milli yaddaşın sarsılmaz gücü

31 mart Azərbaycan xalqının tarixində ən faciəli və eyni zamanda ən mühüm günlərdən biri kimi xüsusi yer tutur. Bu tarix yalnız keçmişin acı xatirəsi deyil, həm də milli yaddaşın, tarixi ədalətin və siyasi mövqeyin ifadəsidir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla martın 31-i dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bu Fərman Azərbaycan xalqına qarşı törədilmiş kütləvi qırğınlara ilk dəfə hüquqi-siyasi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ulu Öndər Heydər Əliyev bu faciələrin unudulmamasını və beynəlxalq ictimaiyyətə çatdırılmasını hər bir azərbaycanlının müqəddəs borcu kimi qiymətləndirərək qeyd edirdi ki, uzun illər gizlədilmiş tarixi həqiqətlərin üzə çıxarılması yalnız müstəqillik dövründə mümkün olmuşdur. Onun fikrincə, bu istiqamətdə aparılan işlər təkcə dövlətin deyil, bütün xalqın, o cümlədən xaricdə yaşayan azərbaycanlıların da müqəddəs borcudur. Bu yanaşma milli tarixşünaslıqda yeni mərhələnin əsasını qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də öz çıxışlarında vurğulamışdır ki, azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya, etnik təmizləmə və kütləvi qırğınlar sistemli xarakter daşıyaraq xalqımıza qarşı yönəlmiş məqsədyönlü siyasətin tərkib hissəsi olmuşdur. Onun sözlərinə görə, XIX əsrin əvvəllərindən başlayaraq Qarabağ və Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarına erməni əhalisinin köçürülməsi, sonrakı dövrlərdə isə azərbaycanlılara qarşı deportasiya və qırğınların həyata keçirilməsi xalqımıza qarşı yönəlmiş genişmiqyaslı təcavüzün tərkib hissəsi olmuşdur.

Tarixi faktlar göstərir ki, “Böyük Ermənistan” kimi mifik ideya əsasında formalaşan millətçi siyasət regionda ciddi faciələrə səbəb olmuşdur. Bu ideyanın həyata keçirilməsi naminə azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar törədilmişdir. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin həyata keçirdiyi qırğınlar bu siyasətin ən qanlı təzahürlərindən biri olmuşdur.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən qırğınlar Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrdə on minlərlə dinc azərbaycanlı xüsusi qəddarlıqla qətlə yetirilmişdir.

Bu hadisələr zamanı insanlar yalnız etnik və dini mənsubiyyətinə görə öldürülmüş, yaşayış məntəqələri dağıdılmış, məscidlər, məktəblər, xəstəxanalar və digər mədəni abidələr məhv edilmişdir. Ümumilikdə 30 mindən çox insanın həyatını itirdiyi bu qırğınlar, eyni zamanda on minlərlə insanın doğma torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918–1920-ci illərdə İrəvan quberniyasında yüzlərlə azərbaycanlı kəndi dağıdılmış, 100 mindən artıq insan qətlə yetirilmiş və ya didərgin salınmışdır. Belə ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 85, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 199 kəndi darmadağın etmiş, orada yaşayan 135 min azərbaycanlı məhv edilmişdir. Həmçinin 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qəddarlıqla öldürülmüşdür.

Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürmüşdülər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı qaçqın düşmüşdür.

Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılımış, əhalisi məhv edilmişdir.

Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar.

Həmçinin dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər.

Şamaxı qəzasında baş verən hadisələr soyqırımının ən ağır təzahürlərindən biri olmuşdur. Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, qəzanın 120 kəndindən 86-sı dağıdılmış, minlərlə insan qətlə yetirilmişdir. Sonrakı tədqiqatlar qurbanların sayının daha yüksək olduğunu göstərir.

Quba hadisələri isə öz qəddarlığı və arxeoloji sübutları ilə seçilir. Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. 2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıq bu faciənin miqyasını elmi şəkildə təsdiqləyən mühüm faktlardan biridir. Aparılan antropoloji və tibbi ekspertizalar nəticəsində məlum olmuşdur ki, məzarlıqda 500-ə yaxın insanın kəllə sümüyü aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalan hissəsi isə əsasən kişilərə məxsusdur. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması isə bu faciənin yaddaşlarda əbədi yaşadılması və dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addım olmuşdur.

Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”

Tədqiqatlar göstərmişdir ki, soyqrımı qurbanlarının əksəriyyəti güllə ilə deyil, küt alətlərlə – balta, xəncər və digər vasitələrlə xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Skeletlər üzərində aşkar olunan travmatik izlər bu qırğınların planlı və qeyri-insani xarakter daşıdığını sübut edir.

Maraqlı məqamlardan biri də odur ki, bəzi erməni mənşəli tarixçilər belə bu qırğınların miqyasını və sistemli xarakterini etiraf etmişlər. Bu etiraflar hadisələrin obyektiv qiymətləndirilməsi baxımından mühüm elmi əhəmiyyət daşıyır və faktların saxtalaşdırılmasının qarşısını alır.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır. Sərəncamla 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi geniş şəkildə qeyd olunmuşdur.

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixi yaddaşının mühüm tərkib hissəsidir. Bu gün yalnız keçmişin xatırlanması deyil, həm də tarixi həqiqətlərin qorunması, saxta təbliğatlara qarşı mübarizə və ədalətin bərpası istiqamətində davam edən fəaliyyətin simvoludur.

Soyqırımı qurbanlarının xatirəsini yad etmək, onların yaşadıqları faciələri unutmamaq və bu həqiqətləri gələcək nəsillərə çatdırmaq hər bir azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur. Bu yaddaş yaşadıqca tarix təhrif olunmayacaq, həqiqət isə gec-tez öz yerini tutacaqdır.

Bəhruz Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı